Opera və Balet Teatrının tamaşaçılarını maraqlı teatr mövsümü gözləyir
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 106-cı mövsümün açılışına qızğın hazırlıq işləri gedir. Yeni teatr mövsümü sentyabrın 20-də dahi Azərbaycan bəstəkarı Qara Qarayevin "Yeddi gözəl" baletinin tamaşası ilə başlanacaq. Bu və sentyabrda keçiriləcək digər tamaşalar Üzeyir Hacıbəyli Beynəlxalq musiqi festivalı çərçivəsində reallaşacaq.
Opera və Balet Teatrının Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sentyabrın 21-də teatrda Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası səslənəcək. Tamaşada Leyli rolunu xalq artisti Nəzakət Teymurova, Məcnun obrazını isə xalq artisti Mənsum İbrahimov ifa edəcək.
Sentyabrın 24-də isə teatrda Üzeyir Hacıbəylinin digər bir möhtəşəm əsəri - "Koroğlu" operası səhnəyə qoyulacaq. Tamaşada Koroğlu rolunu gənc və istedadlı vokalçı Ramil Qasımov, Nigarı isə İlahə Əfəndiyeva canlandıracaq. Opera tamaşasında həmçinin xalq artistləri Şahlar Quliyev və Əli Əsgərov çıxış edəcəklər.
Sentyabrın 28-də bu sənət məbədində yeni mövsümün ilk premyerası – görkəmli Avstriya bəstəkarı Motsartın "Fiqaronun toyu" operası nümayiş olunacaq. Tamaşanın quruluşu beynəlxalq layihə əsasında həyata keçirilir. Tamaşada azərbaycanlı vokalçılarla yanaşı, Ukrayna və Belarusdan olan ifaçılar da iştirak edəcəklər.
Fiqaro rolunu Ukraynanın Əməkdar Artisti Dmitri Qrişin, qraf Almavivanı isə Belarusun Əməkdar Artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Vladimir Qromov canlandıracaq. Tamaşanın quruluşçu rejissoru tanınmış ukraynalı rejissor Nikola Tretyak, musiqi rəhbəri və dirijoru isə dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyevdir. Tamaşada həmçinin Azərbaycanın əməkdar artistləri İnarə Babayeva, Səbinə Əsədova, Gülnaz İsmayılova, Əkrəm Poladov və başqaları çıxış edəcəklər.
Bütün bunlardan əlavə mövsüm ərzində Opera və Balet Teatrında bir sıra maraqlı tamaşalar və premyeralar keçiriləcək, teatrın aparıcı solistləri ilə yanaşı, xarici ölkələrdən məşhur vokal və balet ulduzları tamaşalara dəvət olunacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə