Hüseynağa Atakişiyev - 65
"Qətl günü"ndən "Qara qutu"yadək

Sentyabr ayının 8-də tanınmış teatr rejissoru və aktyoru, Əməkdar inəsənət xadimi Hüseynağa Aatakişiyevin anadan olmasının 65 ili tamam oldu. Əgər yaşasaydı biz indi onunla birlikdə 65 illik yubileyini təmtəraqlı formada keçirəcəkdik.

Tale elə gətirib ki, biz Hüseynağa Atakişiyevlə Mirzə-Ağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyorluğu fakültəsinə 1971-ci ildə qəbul olunmuşduq. Elə bir sinifdə də məşhur rejissor və aktyor, Azərbaycan teatr tarixində öz məktəbini yaratmış, SSRİ Xalq artisti Mehdi Məmmədovun sinifində təhsil almışıq.

1975-ci ildə ali məktəbi bitirəndən sonra da Şəkiyə gedib, orada Şəki Dövlət Dram Teatrını yaratmaq üçün bir yerdə çalışmışıq. Tale elə gətirib ki, mən 6 aydan sonra Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına dəvət olunmuşam, amma Hüseynağa həmin teatrda aktyor və rejissor kimi öz işlərini davam etdirib.

Şəki teatrının yaradıcısı Vaqif Abbasov Azərbaycan Dövlət Musiqili Komediya Teatrına baş rejissor dəyişdiriləndə, Şəki rayonunun o vaxtkı birinci katibi, dəyərli ziyalı, alim, millətimizin mədəniyyəti üçün əvəzsiz işlər görmüş Sadıq Murtuzayevin böyük köməkliyi ilə Hüseynağa Atakişiyev Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının baş rejissoru təyin olunub. Bu teatr Vaqif Abbasovun vaxtında olduğu kimi, Hüseynağa Atakişiyevin də vaxtında öz uğurlarını davam etdirib.

Şəki teatrı həmin vaxtlar təkcə Azərbaycanda yox, həm də keçmiş Sovetlər Birliyində və bir sıra xarici ölkələrdə tanınıb. Çoxlu maraqlı tamaşalarına görə mükafatlar, diplomlar alıb. Belə uğurlu tamaşalarına görə, onu Şəkidən Milli Akademik Dram Teatrına baş rejissor vəzifəsinə gətiriblər. Bu teatra rəhbərlik etdiyi üç il müddətində bir neçə tamaşaya maraqlı quruluşlar verib. Teatrda islahatlar aparmaq istədiyi bir vaxtda onu baş rejissorluqdan çıxarıblar…

1989-cu ildə Azərbaycan Teatr Xadimləri İttifaqının binasında, o vaxtkı Respublika Gənclər Təşkilatının və şəxsən sədr Sahib Ələkbərovun təşəbbüsü ilə Gənclər Teatrını yaradıb. Bu teatr mart ayının 27-də Yusif Səmədoğlunun "Qətl günü" tamaşası ilə öz yaradıcılıq həyatına başlayıb. 1993-cü ildə isə bu teatra Dövlət statusu verilib.

Hüseynağa Atakişiyev 17 il bu teatra rəhbərlik etməklə, böyük sensasiyalar yaradan tamaşalar hazırlayıb. O, yaxşı rejissor olmaqla birlikdə həm də yaxşı teatr müəllimi, pedaqoq idi. İşlədiyi bu illərdə respublikada tanınan və ayrı-ayrı teatrlarda işləyən çoxlu aktyorlar yetişdirib.

Rejissor kimi 157-dən çox tamaşaya quruluş verib. Aktyor kimi 60-a yaxın rol oynayıb. Dünyanın 20-dən artıq məşhur dramaturqlarının ilk dəfə Azərbaycan səhnəsinə gəlişi məhz Hüseynağa Atakişiyevin adı ilə bağlıdır. O, 20-dən artıq dünya dramaturqlarının pyeslərini də dilimizə tərcümə edib. Televiziya və kütləvi tamaşalar üçün çoxlu ssenarilər yazıb. Dövlət Gənclər Teatrında "Qətl günü" tamaşası ilə öz yaradıcılığını davam etdirən Hüseynağa Atakişiyevin son tamaşası Firuz Mustafanın "Qara qutu" əsəri olub.

Gözəl insan, dəyərli ziyalı və yaxşı dost Hüseynağa Atakişiyev 57 yaşında 2006-cı ilin aprel ayının 9-da beyninə qan sızması (beyin infarktı) xəstəliyindən dünyasını dəyişib. Azərbaycan teatr səhnəsi üçün əvəzsiz işlər görən Hüseynağa özü ilə birlikdə çoxlu maraqlı tamaşaların quruluşunu, ideyasını haqq dünyasına apardı. Onun yaratdığı teatr 2009-cu ilə kimi öz işini davam etdirdi.

2009-cu ildə Dövlət Gənclər Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə birləşdirildi. Biz Hüseynağanın dostları, həmfikirləri, tələbələri çox istəyirdik ki, onun yaratdığı teatr yaşasın və onun çin olmayan arzularını reallaşdırsın. Necə vaxtı ilə Moskvada məşhur rejissor Yevgeni Vaxtanqov dünyasını dəyişəndən sonra, dövlət həmin teatrın dağılmasına icazə vermədi və bu teatr yaşadı. İndi dünyada tanınan teatrlardan biridir.

Bir həqiqəti deyim ki, Hüseynağa Atakişiyevin yaratdığı teatr yaşasaydı, həqiqətən də respublikanın aparıcı teatrlarından biri olub, Azərbaycanı dünyada layiqincə təmsil edə biləcəkdi. Çünki bu teatrda çox maraqlı aktyor truppası və istedadlı rejissorlar işləyirdi…

Tale elə gətirib ki, mən Hüseynağa Atakişiyevə həsr olunan "Teatr sənətinin aşiqi" adlı kitab yazmışam. Artıq kitab çapa hazırdır. Həmin kitabda çoxlu teatr mütəxəssisləri, ziyalılar və tanınmış insanlar onun haqqında özlərinin ürək sözlərini deyiblər. İndi onlardan bir neçəsinin qısa fikirlərini oxuculara çatdırmaq istəyirəm.

Sadıq Murtuzayev, Azərbaycanın bir neçə rayonunda 31 il birinci katib işləmiş şəxs, filologiya elmləri namizədi:

- Mən lap gənclik illərimdən teatra, teatr sənətinə qarşı maraqlı insan olmuşam. Hətta ali məktəbi bitirib, Zaqatala Pedaqoji Texnikumuna təyinatla işləməyə gedəndə, orada dram dərnəyi yaratmışam və bir neçə tamaşaya da quruluş vermişəm.

Şəki rayon partiya komitəsinin birinci katibi işləyəndə belə qərara gəldim ki, burada Dövlət Teatrı yaradılsın. Çünki bu bölgədə peşəkar teatr kollektivi yox idi. Amma əvvəllər Şəkidə Dövlət Teatrı olmuşdu və yaxşı da işləmişdi. Hətta bu teatrın yetişdirmələri olan İsmayıl Dağıstanlı, Sədayə Mustafayeva, Səməd Tağızadə, Məmməd Bürcəliyev və başqaları sonralar respublikanın tanınmış aktyorları oldular. Bununla bağlı öz istəyimi o vaxtlar Mədəniyyət naziri işləyən, fəlsəfə elmləri doktoru, dəyərli ziyalı və mənim yaxın dostum Zakir Bağırova bildirdim. O da, mənim bu təklifimi müdafiə etdi. Beləliklə, biz bununla bağlı Azərbaycan Mərkəzi Komitəsinə, Nazirlər Sovetinə məktubla müraciət etdik. Həmin məktubda da fikirlərimizi əsaslandırdıq ki, bu bölgədə Dövlət Teatrının yaranması vacibdir. Teatrın bütün problemlərini də məhz Şəki Rayon Partiya Komitəsi öz öhdəsinə götürür.

Məktubumuza müsbət cavab aldıq və tezliklə bununla bağlı 1975-ci ilin aprel ayında Azərbaycan Nazirlər Soveti qərar verdi və Şəkidə Dövlət Dram Teatrı açıldı. Elə ilk gündən yaradıcı kollektivlə mən və ideologiya işlərinə baxan ikinci katib Ənvər Nəzərli çıx əlaqə yaratdıq. Teatr işçilərınin ev, məişət problemlərini lazım olan kimi həll etdik. Teatr üçün yaraşıqlı bina inşa etdik. Kollektiv ilk tamaşalarından başlayaraq, Şəki və bölgə camaatının böyük marağına səbəb olan əsərlər hazırlamağa başladı. Teatra Vaqif Abbasov rəhbərlik edirdi. Maraqlı, bacarıqlı rejissor, bütöv şəxsiyyət və teatr təşkilatçısı idi. Amma onun ayaqları vaxtı ilə yanan avtobusdan uşaqları çıxaran vaxt yandığına görə, Vaqifə çox əziyyət verirdi. Şəki də nəmişlik yer olduğuna görə, onun ağrılarını daha da şiddətləndirirdi. Vaqif Abbasov da tez-tez xəstəxanaya düşürdü. O, xəstəxanada yatanda onun işlərini teatrın aktyoru Hüseynağa Atakişiyev yaxşı davam etdirirdi. Özü də rejissor kimi maraqlı tamaşalar hazırlayırdı. Elə oldu ki, həkimlər Vaqif Abbasova Şəkidə yaşamağa icazə vermədilər. Dediyim kimi nəmişlik onun sağlamlığına pis təsir edirdi. Vaqif xəstəxanada olanda mənə məktub yazdı. Həmin məktub bu gün də mənim arxivimdədir. O, xahiş edirdi ki, işlərini davam etdirmək üçün, teatra baş rejissor Hüseynağa Atakişiyevi təyin edək. Çünki onun işlərini uğurla yalnız Hüseynağa davam etdirə bilər. Belə ki, artıq Hüseynağa bir müddət onunla birlikdə işləmişdi və iş üslubunu öyrənmişdi. Əlbəttə, Hüseynağanın ali rejissorluq diplomu olmadığına görə, bu işi görmək həmin vaxtlar çətin idi. Bu işdə yenə də mənə dostum, dəyərli insan Zakir Bağırov köməklik etdi. Beləliklə, biz Hüseynağa Atakişiyevi həmin tearın baş rejissoru təyin etdik. Hüseynağa da bizim ümidlərimizi doğrultdu. Qısa vaxtın içərisində biri-birindən maraqlı tamaşalar hazırladı. Tezliklə, keçmiş Sovetlər Birliyində keçirilən festivallardan birinci dərəcəli diplomlar gətirdi. Kollektivdə çox sağlam yaradıcı atmosfera yaratdı. Onun vaxtında bu teatrda maraqlı aktyorlar yetişdi. Sonra elə oldu ki, mən Ağdam rayon partiya komitəsinin birinci katibi vəzifəsinə dəyişildim. Amma Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının və onun baş rejissoru Hüseynağa Atakişiyevin hər bir uğurunu diqqətlə izləyirdim. Onun quruluş verdiyi tamaşalara Milli Akademik Dram Teatrında və Dövlət Gənclər Teatrında da baxmışam.

Hüseynağa Atakişiyev doğrudan da maraqlı dəsti-xətti olan rejissor idi. O, Azərbaycan teatrı üçün lazımlı, tapıntı rejissor və teatr işçisiydi. Öüzünün də yaxşı xasiyyəti vardı. Heç vaxt sifətindən təbəssüm əskik olmazdı. Bu adam elə bil yalnız yaxşılıq etmək üçün doğulmuşdu.

Ramiz Əzizbəyli, Xalq artisti:

- İçimdən keçən bir həqiqəti hər yerdə deyirəm. Hüseynağa, Azərbaycan teatr sənətində bir mərhələ oldu. Yəni durğunluq dövrünü yaşayan Azərbaycan teatrı, Hüseynağanın Şəkidə və Dövlət Gənclər Teatrındakı truppalarının simasında elə bilin ki, qış ayında qarın altından cücərib çıxan Novruzgülü oldu. O, təkcə öz klassiklərimiz yox, həm də Avropa, Amerika dramaturqlarının əsərlərinə quruluş verməklə, rəhbərlik etdiyi teatrlarla Azərbaycandan kənara çıxdı. Onun rəhbərlik etdiyi teatrlar, dünyanın bir neçə ölkələrinə qastrollara getdilər. Moskvada da rejissor kimi onun yaradıcılığını dərk etdilər. Kinoda dahi Üzeyir bəyin rolunu oynayan Hüseynağanı burada yada salmamaq mümkün deyil. Çünki Hüseynağada da xalqımızın fəxri Üzeyir bəy Hacıbəyov kimi yazmaq qabiliyyəti, musiqi duyumu və güclü məntiq vardı. Bəlkə də bütün bunları görən Xalq yazıçısı, dramaturq, kinossenarist və kinorejissor Anar, "Uzun ömrün akkordları" kinofilmini çəkəndə Üzeyir bəyin rolunu məhz buna görə, Hüseynağaya etibar etmişdi. Hüseynağa həm dahi bəstəkara portret cəhətdən oxşarlığına görə, həm də Üzeyir bəydə olan sakitlik, yumşaqlıq, nur, nəciblik Hüseynağada da olduğundan, elə bil bir-birini tamamlayırdılar.

Məhərrəm Bədirzadə, Əməkdar inəsənət xadimi:

- Hüseynağa yazıçı-dramaturq olmasa da onda bu sahələr də yaxşı inkişaf etmişdi. Yəni istəsəydi maraqlı pyeslər, hekayələr, povestlər də yaza bilərdi. Çünki dəfələrlə bizim televiziya proqramları üçün ssenarilər yazmağı ona tapşırırdıq. Çox qısa vaxtda və özü də yüksək professionallıqla yazıb mənə verirdi. Hətta bir maraqlı mövzu vardı. Biz bu mövzunu iyirmiyə yaxın adama verdik ki, bizə bir sanballı ssenari yazsın. Amma onların heç biri bu işin öhdəsindən gələ bilmədilər. Axırda Hüseynağaya müraciət etdim. Təsəvvür edin ki, o, üç günə bizim istədiyimizdən də professional səviyyədə həmin ssenarini yazıb verdi. Hamının da xoşuna gəldi.

Bəzən çox heyifsilənirəm ki, belə bir istedadlı insanın, öz dəsti xətti olan aktyor-rejissorun haqqında niyə ötəri yazırlar? Niyə onu təbliğ etmirlər? Niyə keçmiş aktyorlardan, rejissorlardan söz düşəndə onun adını çəkmirlər? Məgər bu qədər haqsızlıq olarmı?.. Axı o, Şəki Dövlət Dram Teatrının yaradıcılarından biri və Dövlət Gənclər Teatrının yaradıcısıdır. Məgər elə bu iki iş bir teatr xadimi üçün azdırmı?

Vaqif Səmədoğlu, Xalq şairi:

- Dramaturgiyaya məni tanınmış rejissor, öz dəsti-xətti olan sənətkar Hüseynağa Atakişiyev gətirib. Bu maraqlı işin də yaranmasının tarixçəsi belə oldu ki, uşaqlıq dostum, bir məktəbdə oxuduğum, rəhmətlik Emin Sabitoğlu məni Hüseynağa ilə tanış etdi. Bu da o vaxt olub ki, Sabit Rəhmanın "Nişanlı qız" pyesinin Şəki Dövlət Dram Teatrında tamaşası hazırlanırdı. Biz bu tamaşanı Şəkidə müzikl kimi hazırlamaq istəyirdik. Ona görə də Emin mənə demişdi və mən də bu pyes üçün şeirlər yazmışdım. Emin də həmin şeirlərə mahnılar bəstələmişdi. Bizim də bu sahədə artıq Eminlə təcrübəmiz vardı. Belə ki, Emin, Sabit Rəhmanın "Hicran" pyesi əsasında liberetto yazmışdı. Həmin liberettoya da şeirləri mən yazmışdım. Emin, "Nişanlı qız"" pyesi üçün də mənim şeirlərimə mahnılar, duetlər, reçitativlər yazıb, Şəkiyə göndərdik. Sonra da biz Eminlə getdik həmin tamaşanın premyerasına. Orada da mən teatrın yaradıcısı, baş rejissoru Vaqif Abbasovla və teatrın aktyoru-rejissoru Hüseynağa Atakişiyevlə tanış oldum. Şəkidə də tamaşadan sonra banket oldu. Banketdə mən də çıxış elədim. Oradan çıxanda başında buxara papaq, cavan, göyçək oğlan olan Hüseynağa mənim qoluma girib dedi: "Siz özünüz niyə pyes yazmırsınız? Gördüm ki, teatra belə həvəsiniz var. Maraqlı danışdınız. Səməd Vurğunun oğlusunuz. Sabit Rəhmanla durub-oturmusunuz". Baxmayaraq ki, özümün pyes yazmağa həvəsim vardı. Hətta bununla bağlı qeydlər də etmişdim. Amma Hüseynağanın bu sözləri elə bil mənə bir təkan oldu. Bundan sonra "Bəxt üzüyü" pyesini yazdım. Hüseynağa da həmin pyesə maraqlı quruluş verdi. Bu uğurlu işdən həvəsənib, yeni pyeslər yazmağa başladım.

Hətta yadımdadır ki, Dövlət Gənclər Teatrının hansısa yubiley günündə aktyorlar çox qəribə bir səhnəcik hazırlamışdı. Dramaturq Vaqif Səmədoğlu, Şəki Dövlət Dram Teatrına rejissor Hüseynağaya əsəri necə gətirir. Dostluq şarcı olan həmin səhnəcik belə idi. Mən əlimdə diplomant çanta ilə gəlirəm. Hüseynağa ilə görüşüb, öpüşürük. Hüseynağa deyir ki, "deyəsən əsər gətiribsən?" Mən də deyirəm ki, "hə yeni əsərimi gətirmişəm". Sonra çantanı açıram və oradan bir şüşə araq çıxarıb stolun üstünə qoyuram. Deyirəm: "Bu əsərin proloqu". Hüseynağa baxıb deyir ki, "proloq babatdır". Sonra çantadan kağızlar çıxarıb deyirəm: "Bu birinci pərdə". Hüseynağa deyir ki, "oxuyaram". Sonra mən bir dənə də uzun araq şüşəsi çıxarıb deyirəm ki, bu antrakt. Hüseynağa ona da baxıb deyir ki, "antrakt bir az uzanır, amma qısaltmaq olar". Sonra ikinci pərdəni yenə də kağızlar çıxarıb verirəm. Sonra da bir şüşə viski çıxarıb deyirəm: "Hüseynağa bu da epiloq". O da viskiyə baxıb deyir: "Hə. Epiloq çox yaxşıdır".

Hüseynağanın koma vəziyyətinə düşməsi xəbərini, mənə səhər tezdən zəng vurub dedilər. Onu da dedilər ki, vəziyyəti pis olduğuna görə, onu "Neftçilər" Xəstəxanasına aparmışıq. Tez gedib, xəstəxananın baş həkimi, dostumuz Fəxrəddin həkimi tapdım. O, mənə dedi ki, artıq əlac yoxdur. İnanmıram ki, koma vəziyyətindən ayılsın. Ələbəttə, mən bunu həmin vaxt heç kimə deyə bilməzdim. Axırı da belə oldu…

Bir neçə gündən sonra Hüseynağa Atakişiyev dünyasını dəyişdi.

İstəyirəm oxucular da bilsin ki, Hüseynağa mənim üçün təkcə dost yox, həm də qardaş idi. Bu gün Hüseynağanın yeri Azərbaycan teatrında görünür. Heyif ondan. Çox istedadlı və əsl teatr adamı idi. İçində olan çoxlu dərdlərini mənə açırdı. Biz onunla həm ürək, həm də sənət dostu idik. Dostluq, ilk növbədə ərk deməkdir. Mən ərk edib gecə saat 3-də də ona zəng vurub, deyə bilərdim ki, 10 dəqiqəyə düş aşağı səni həyətdə gözləyirəm. O da heç 10 dəqiqə çəkməmiş gələrdi. Bax Hüseynağa mənim üçün belə dost idi. Mənə elə gəlir ki, dramaturqla rejissor bir-birini belə başa düşəndə maraqlı tamaşa yarana bilər. Vaqif Səmədoğlu və Hüseynağa Atakişiyev dostluğu da çoxlu tamaşaların yaranmasının ilk açarı oldu.

Elçin Hüseynbəyli, nasir, dramaturq, publisist, "Ədəbiyyat" qəzetinin baş redaktoru:

- Teatr tariximizə adı böyük hərflərlə yazılmış Hüseynağa Atakişiyevlə tanışlığım 1999-cu ilin payızında baş verdi. Mən ona həmin vaxt "Fanatlar" adlı birhissəli, naşı pyesimi təqdim etmişdim. Bu, mənim dramaturq kimi ilk qələm təcrübəm idi. Hüseynağa müəllim pyeslə tanışlıqdan sonra mənə təxminən bunları dedi: "Düzdü, pyesin necə yazılmağını hələ tam bilmirsən, bəlkə də bilərəkdən edirsən, amma əsər maraqlıdır və biz onu tamaşaya hazırlayacağıq". 2000-ci il iyunun 10-da "Fanatlar"ın Dövlət Gənclər Teatrının yerləşdiyi "Aktyorlar evi"ndə ilk tamaşası oldu. Ondan sonra Dövlət Gənclər Teatrında mənim 7 əsərim tamaşaya qoyuldu. Altısını Hüseynağa müəllim özü hazırlamışdı. "İmperator" isə yarımçıq qaldı. Ömür vəfa eləmədi. Bu tamaşanı da aktyor Sərvər Əliyev hazırladı.

Hüseynağa müəllim heç zaman bəyəndiyi əsər barədə "əla" kəlməsini işlətməzdi, "yaxşıdır" deyərdi. O, içi böyük insanlardan idi. Onda xırdaçılıq olmazdı, dedi-qodulara əhəmiyyət verməzi. Həmişə də məni həvəsləndirmək üçün deyirdi: "Darıxma, hər şey yaxşı olacaq, hələ sənin gələcəyin qabaqdadır". O, yaddaşımda təkcə bir teatr xadimi, istedadlı rejissor kimi yox, həm də gözəl insan və mərd kişi kimi qalıb və qalacaq.

Vaqif Əsədov, Xalq artisti, Prezident təqaüdçüsü, rejissor:

- Hüseynağa hər şeydən əvvəl mənim yaddaşımda səmimi, etibarlı və dostcanlı insan kimi qalıb. Ömrümün sonuna qədər də yaddaşımda belə qalacaq. Hər bir yaradıcı şəxsiyyət özünün canındakı uşaqlığı qoruyub saxlaya bilməsə, o, heç cürə yaradıcılıqla məşğul ola bilməz. Hüseynağa da sözün əsl mənasında uşaq idi. Başqasına da o gözlə, uşaq paklığı ilə baxdığına görə, onların qayğısına qalırdı. Onların heç bir pis hərəkətini görmək belə istəmirdi. Həyatda belə nadir adamlara çox az rast gəlmişəm.

Azərbaycan teatrının ən səmimi, ən qüdrətli bir insanını itirdiyimizi yadıma saldıqca, uşaq kimi kövrəlirəm… Siz bilirsiniz ki, biz rejissorlar Azərbaycanda çox azıq. Getdikcə biz daha da azalırıq…

Amma tam inam hissi ilə bu sözləri deyirəm: - Hüseynağa Azərbaycan teatr və kino tariximizdə uzun illər yaşayacaq. Onun aktyor və rejissor kimi, böyük fəaliyyəti hələ bir çox məsələlərin yetişməsində, bu sənəti anlamasında, onu başa düşməsində böyük xidmətlər göstərəcək. Bir rejissor, bir universitet deməkdir. Çünki rejissor çox işlərin bilicisi olan alimdir. Bir alim isə bir aləm deməkdir. O, son günə qədər də heç bir təzyiqin, hücumun qabağında qırılmadı. O, sınmadı, amma öldü. Ölməyi ilə də əbədiləşdi. Hər adama da belə yaşamaq qismət olmur. Yəqin ki, biz ona görə Hüseynağanı belə çox istəyirik ki, o, bütün hücumlara böyük məğrurluqla, igidliklə dözürdü və bu hərəkəti ilə bizi də sınmağa qoymurdu.

Bütün xəbərlər Facebook səhifəmizdə