Müasir İncəsənət Muzeyində gənc kurator Fərid Məmmədzadənin debüt layihəsi olan "Meqapolis" sərgisi açılıb. SİA-nın verdiyi məlumata görə, Müasir İncəsənət Mərkəzinin icraçı direktoru Xəyyam Abdinov, əməkdar rəssam Səbinə Şıxlinskaya, sərginin kuratoru Fərid Məmmədzadə layihə haqqında məlumat veriblər. Bildirilib ki, bu layihə müasirliyin yaralı yerlərindən birinə – müasir şəhər meqapolislə insan arasındakı travmatik münasibət mövzusuna toxunur.
Sərgidə müasir Azərbaycan rəssamlarından Məmməd Mustafayev və Niyaz Nəcəfovun əsərləri nümayiş olunur. Sərgi məkanının təşkil olunmasına məxsusi yanaşma bəşəriyyətin depressiyaya və şəhər motivlərinin ərsəyə gətirdiyi yalançı çarəsizliyə meydan oxuması prosesində hər iki rəssamı birləşdirir. Layihənin əsasında insan ruhunun meqapolisin urbanistik mühiti ilə qarşılıqlı əlaqəsi problemi dayanır.
Əsərlər həmin problemin iki aspektdə - makro və mikro səviyyədə qavranılmasını əks etdirir. Həmçinin, "Meqapolis" layihəsi həmin fikrin, pəncərənin o tərəfində baş verən və göylərə ucalan nəhəng şüşəli göydələnlərin daxilində formalaşan, bəşər əhlinin şüurunda və ruhunda əks olunan peşəkar və ictimai dərkini əhatə edir.
"Meqapolis" sərgisi gənc kuratorların layihə dövriyyəsini təmsil edir, təqdim edilən əsərlər isə Bakı Müasir İncəsənət Muzeyinin kolleksiyasının tərkib hissəsidir.
Layihədə gənc müəllif Ayxan Xəlilov da iştirak edib. O, rəssamlar Məmməd Mustafayev və Niyaz Nəcəfov ilə film-müsahibəni təqdim edib.
Qeyd edək ki, sərgiyə sentyabrın 22-də yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB