“Bakı sübhdən günbatanadək” FOTO

“Bakı sübhdən günbatanadək” FOTO

Bu gün Nizami Kino Mərkəzində "Bakı sübhdən günbatanadək" sənədli kino layihəsi çərçivəsində mətbuat konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə beynəlxalq layihənin müəllifləri polşalı kino xadimləri Miroslav Dembinski və Maçyej Driqas indiyədək dünyanın müxtəlif şəhərlərində (Minks, Kiyev, Moskva, Pekin, Tokio, Tbilisi, Yerevan, Kişinyov) gənc rejissorlar üçün kurslar təşkil ediblər. 2014-cü ildə kurslar Hindistan, Türkiyə və Azərbaycanda keçirilir.

Təlimlərdə, master-klasslarda və digər məşğələlərdə iştirak etmək üçün Polşadan 8 nəfərlik müəllim heyəti Bakıya gəlib.

İyirmiyə qədər gənc azərbaycanlı rejissor seminarlarda bir sıra sənədli filmlərə baxış keçirir, onların təhlili, çəkiliş metodlarına dair təkliflər və daha sonra bütöv filmin montaj və istehsal olunması ilə bağlı məsələləri müzakirə edirlər.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında sözügedən layihənin uğurlu iş olduğunu diqqətə çatdırıb: "Polşanın Lodz Kinomotoqrafiya İnstitutu tərəfindən Azərbaycanda gənc kinomatoqrafçıların püxtələşməsinə, formalaşmasına, yeni ideyaların tətbiq olunmasına böyük təkan verəcək. Mən hesab edirəm ki, bu təcrübə Azərbaycanda yeni də olsa, geniş yayılmalıdır. Artıq qərara gəlmişik ki, gələn il həmin bu məktəblə eyni tərzdə animasiya filmlərinin də kurslarını təşkil edək. Bu da uşaqlar üçün yeni baxışdır. Psixologiyalarının formalaşmasında da mühüm rol oynayır. Düşünürəm ki, səs rejissorları, operatorlar üçün də xüsusi tədris kursları təşkil edəcəyik. Ümumiyyətlə son illərdə Azərbaycan kinosundakı inkişaf onu göstərir ki, gənclərə və yeni nəsilə açdığımız yol təqdirə layiqdir. Artıq bir neçə beynəlxalq festivallarda Azərbaycan filmlərinin yüksək qiymət alınmasının şahidi oluruq. Bu olduqca sevindirici haldır. Ölkəmizdə yeni kinomatoqrafiya məktəbi formalaşdırmaq bizim əsas məqsədimizdir. Dövlət də bu işdə hər zaman bizim yanımızdadır. Gənclərin bu gündən formalaşdırılması bizim üçün çox vacibdir".

Hər gənc rejissor şəhər həyatından bir situasiya seçib, saatlarla çəkiliş apardığı materialdan müəllimlərin nəzarəti altında 3-4 dəqiqəlik süjet yaranacaq.

Nəticədə şəhərin canlı təsviri kimi 60 dəqiqəlik sənədli film istehsal olunacaq. "Bakı sübhdən günbatanadək" müstəqil olmaqla yanaşı iri beynəlxalq layihənin tərkib hissəsi kimi həyata keçirilir, dünyanın müxtəlif bölgələrində, kino festivallarda və telekanallarda təqdim olunacaq.

Layihənin tərəfdaşları Polşanın Adam Mikiyeviç İnstitutu, Polşa Kino İnstitutu, TVP 2 Polşa Milli Televiziyası, Belsat kanalı və Polşa Xarici İşlər Nazirliyidir. Layihənin Azərbaycandakı tərəfdaşı Mədəniyyət və Turizm Nazirliyi və Azanfilm studiyasıdır.

Maçyej J. Driqas Lodzda Polşa Milli Kino Məktəbinin rejissorluq ixtisasindan müəllimidir. 20 ildən çoxdur ki, sənədli filmlər çəkir. "Usłyszcie Mój Krzyk" (Hayqırtımı duy, 1991), "Stan Nieważkości" (Çəkisizlik vəziyyəti, 1994), "Głos Nadzieji" (Ümidin səsi, 2002), "Jeden Dzień w Prl" (Xalqın Polşasında bir gün, 2005). Beynəlxalq Kino festivallarda iştirak edib və 20-dən artıq mükafata layiq görülüb. Bunlardan Felix - Avropada ən yaxşı sənədli filmə görə Mükafat, Krakov Qran Pri "Gümüşü Əjdaha" Mükafatı, Melburn Qran Pri Mükafatı, Monte Karlo Xüsusi Mükafatı, İtaliya Xüsusi Mükafatı, San-Fransisko "Qızıl Qapı" mükafatı, Lodz "Ağ Kobra" mükafatı və s.

Andrzej Musiał Lodzda Polşa Milli Kino Məktəbinin operator ixtisasından müəllimdir. 20 ildən çoxdur ki, sənədli filmlər çəkir.

Victoria Ogneva Lodzda Polşa Milli Kino Məktəbinin prodüserlik ixtisasini bitirib. "Dünya sübhdən günbatanadək" layihəsinin kordinatorudur.

Milenia Fiedler Lodzda Polşa Milli Kino Məktəbinin montaj ixtisasından müəllimidir.

Paweł Sosnowski Lodzda Polşa Milli Kino Məktəbinin montajçı ixtisasini bitirib. "Dünya sübhdən günbatanadək" layihəsinin montajçısıdır.

Mateusz Czuchnowski, Jan Grobliński və Adam Suzin Lodzda Polşa Milli Kino Məktəbində operator fakultəsində təhsil alırlar. Layihəsinin operatorudurlar.

Qeyd edək ki, 21 avqust – 07 sentyabr 2014-cü il tarixlərində beynəlxalq kino layihəsi çərçivəsində "Bakı sübhdən günbatanadək" praktik kurs keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə