Elçin Mirzəbəyli: “Sərdar Cəlaloğlunun fikirlərini və üslubunu bəyənmirəm”

Elçin Mirzəbəyli: “Sərdar Cəlaloğlunun fikirlərini və üslubunu bəyənmirəm”

Bu gün üçün sözü olmayanlar adətən dünəni topa tutmaqla gündəmdə qalmağa çalışırlar. Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, tarixi, tarixi şəxsiyyətləri topa tutmaq çox asandır. Nə Füzuli, Nə Səməd Vurğun, nə də Sərdar Cəlaloğlunun adını çəkdiyi digər yaradıcı və tarixi şəxslər hörmətli ADP sədrinə cavab verməyəcəklər: "Sərdar Cəlaloğlu sıradan bir adam deyil, kifayət qədər mütaliəlidir və istedadlıdır. Lakin seçdiyi istiqamət, bədii yaradıcılığa münasibəti səhvdir. Füzulinin şeirlərini predikat, yaxud dialetik məntiqlə təhlil etmək kökündən yalnışdır. Poeziyada sadaladığım arxaik və çağdaş kateqoriyalar üzrə məntiq axtarışına çıxmaq istənilən poetik nümunəni məhv edə bilər. Azərbaycanda Füzuli poeziyası haqqında Sərdar Cəlaloğlu kimi düşünənlərin sayı az deyil. Təbii ki söhbət mütaliəli adamlardan gedir. Amma Sərdar Cəlaloğluya Nizami Gəncəvi haqqında sual verilərsə tamamilə fərqli fikirlər səsləndirəcək. Çünki Nizaminin poeziyasında mistika, ruh yoxdur, dəqiq, ölçülü-biçili kateqoriyalar var. Mənə görə Nizami şeir yazmayıb, dövrünün fəlsəfi traktatlarını, dünyagörüşünü nəzmə çəkib. Bəlkə də Nizaminin yaradıcılığını vəznə salınmış ilkin publisistika da adlandırmaq olar. Amma mən Sərdar Cəlaloğlu kimi nə Füzulini, nə də Nizamini tənqid atəşinə tuta bilmərəm. Çünki ədəbiyyat zövq məsələsidir və hər iki dahi o qədər nəhəngdilər ki, onların yaradıcılığını məhdud kateqoriyalardan yanaşmaq kifayət qədər qüsurludur. O ki, qaldı Koroğluya, Koroğlu mifik qəhrəmandır. Robin Qud kimi xalqın arzularından doğan bir dastanın qəhrəmanıdır. Amma Avropada heç kim Robin Qudu məsxərəyə qoymur. Çünki Robin Qud öz zəmanəsinin qəhrəmanıdır. Robin Qud ədalətli kral, səlib yürüşlərinə başçılıq edən imperatorlarla bağlı miflərin dağıldığı bir zamanda yaranıb. Sosial düşüncənin formalaşdığı ilk dövrlərdə təzahür edib, yaxud uydurulub. Koroğlu da həmçinin. Koroğlu dastanının son hissələri sonradan uydurulub. Çünki tüfəng çıxdı mərdlik əldən getdi məsələsi Koroğlu dastanının sosial mahiyyətilə uyğun gəlmir. Koroğlunun məqsədi ədalətsizliyə qarşı mübarizə aparmaq idi, o bir xalq qəhrəmanıydı. Dəyərlərə söykənən zadəgan deyildi. Ona görə də tüfənglə bağlı məsələni dastanın süjet xəttinə və mahiyyətinə yamaq sayıram. Tüfənglə bağlı hissə Koroğlunu Robin Qudluqdan çıxarıb Don Kixot çərçivəsinə salır. Sərdar Cəlaloğlunun fikirlərinin əksəriyyətini bölüşmürəm və üslubunu da bəyənmirəm. Amma bu məsələlər ətrafında fikir mübadiləsinin aparılmasını da mümkün sayıram. Təbii ki, təhqirə, aqressiyaya yol vermədən".

Bütün xəbərlər Facebook səhifəmizdə