Azərbaycan Konqreslər Bürosunun “Açıq qapılar” tədbiri keçirilib

Azərbaycan Konqreslər Bürosunun “Açıq qapılar” tədbiri keçirilib

Bu gün Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu (AKB) 2014-cü il üçün fəaliyyət planındakı hədəflər çərçivəsində nəzərdə tutulan "Açıq qapılar" tədbirini keçirib. SİA-nın verdiyi məlumata görə, mərasimi AKB-nin icraçı direktoru Florian Sengstschmid açaraq, tədbirin əsas məqsədi iştirakçıları AKB-nin işi, məqsəd və hədəfləri ilə daha yaxından tanış etmək, onun indiyədək gördüyü işləri və gələcək planlarını təqdim etmək, üzvlərini tanıtmaqdır.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda turizmin inkişafı istiqamətində görülən genişmiqyaslı işlərdən söz açıb: "Turizm hər bir ölkənin iqtisadiyyatının bir hissəsidir. Konqreslər Bürosu Azərbaycanda turizmin inkişafına böyük təkan verməkdədir. Büro bir il fəaliyyət göstərməyinə baxmayaraq bir neçə beynəlxalq sərgidə iştirak edib. Azərbaycanda bu cür təşkilatın formalaşması olduqca vacibdir. Biz maraqlıyıq ki, Azərbaycanda bu cür təşkilatlar fəaliyyət göstərsin və turistlərin sayının artmasında öz töhfəsini versin. Azərbaycan beynəlxalq konfranslar keçirməkdə maraqlıdır.

Konfranslarda iştirak etmək üçün Azərbaycana gələnlərin adambaşına düşən xərcləri adi turistlərdən iki dəfə çoxdur. Məsələn, fərz edək ki, 100 nəfər turist Azərbaycana gəlib, hərəsi 500 manat xərcləyir. Bir də var, həmin 100 nəfərdən adambaşına 1000 manat pul alırıq. Bu pul dövriyyədə qalır. Ona görə də biz konfransları keçirməkdə çox maraqlıyıq. 2013-cü ildə Azərbaycana 2 milyon 500 min turist ölkəmizə gəlib. 2011-ci ildə isə bu dövlət səviyyəsinə çatdırılıb. Ümumi inkişaf göstərir ki, Azərbaycan dünya səviyyəsində ən məşhur müxtəlif beynəlxalq tədbirlər keçirir. Azərbaycan Konqreslər Bürosunun fəaliyyətinə böyük önəm verir. Təkcə Bakı ilə məhdudlaşmaq kifayət deyil, regionların da turizm imkanlarından istifadə etmək lazımdır və bu istiqamətdə müvafiq işlər bundan sonra da davam edəcək. Dövlət tərəfindən turizmin inkişafına, eləcə də Azərbaycan Konqreslər Bürosunun fəaliyyətinə hər zaman dəstək göstəriləcək".

Mərasim AKB-yə üzv olan mehmanxana və turizm fəaliyyəti ilə məşğul olan şirkətləri, Azərbaycanın biznes turizmi sahəsində çalışan müxtəlif şirkət və firmaları bir araya gətirib.

Tədbirdə, həmçinin büroya üzv olmaq istəyən şirkət və mehmanxanalara, eləcə də biznes turizmi bazarının digər iştirakçılarına üzvlüyün açacağı imkanlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə