Son zamanlar Yazıçılar Birliyində baş verən xoşagəlməz hadisələr hər kəsin maraq dairəsindədir. Bununla bağlı olaraq xalq şairi, Yazıçılar Birliyinin katibi Fikrət Qocanın da münasibətini öyrəndik. O, SİA-ya açıqlaması zamanı, bunları bildirib: "Bəzi gənclərin Yazıçılar Birliyinə olan narazılığı əsassızdır. Çünki burada kifayət qədər gənc kadrlar yetişdirilir. Gənc yazarlara məsləhətim odur ki, bir az əziyyət çəkib, əsər yaradıb məşhurluq qazansınlar. Əks təqdirdə heç nə əldə edə bilməyəcəklər. Ancaq öz istəyi ilə kimsə çalışdığı vəzifəsindən uzaqlaşa bilər. Adını yazıçı qoymuş şəxslərin sözü ilə heç kimin çörəyinə bais ola bilmərik. Onu da deyim ki, son günlər Rauf Aslanov və Ramiq Muxtar arasında da xoşagəlməz hallar baş verir. Onlar bir-birilərini məhkəməyə veriblər. Kimin düz və ya səhv olduğunu məhkəmə aydınlıq gətirəcək və sonda günahkar olan cəzasını çəkəcək. Məncə günahkar böhtan atandır".
Yazıçılar Birliyinin katibi Rəşad Məcid bəzi gəncləri bacarıqlarından çox arzularının olması ilə qınayıb: "Bildiyiniz ki, bəzi gənclərin böyük ideaları olur və onları həyata keçirə bilməyəndə günahı kənarda axtarırlar. Narazı olanlar çalışsınlar ki, ortaya sanballı işlərlə çıxsınlar. Mən hesab edirəm ki, indi gənclərin Yazıçılar Birliyinə qarşı ciddi narazılıqları yoxdur".
Yazıçılar Birliyinin sədri Anar Rzayev isə son olaylara heç bir münasibət bildirmək istəmədiyini dilə gətirib: "Mən heç nə söyləməyəcəyəm. Çünki mənim dediklərimi hər zaman təhlil edib, yalan yazırlar. Ona görə də, bəyanat vermişəm ki, bundan sonra heç nə danışmayacam".
Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin sədr müşaviri, Mənzil Komitəsinin sədri Rauf Aslanov qurumun üzvü Ramiq Muxtarı məhkəməyə verib. Məhkəmənin birinci prosesi baş tutub. Sentyabrın 9-da da növbəti məhkəmə olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB