"Baku Guide" bələdçi kataloqunun sentyabr sayı çapdan çıxıb

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, "Mədəniyyət" qəzetinin əlavəsi olaraq hazırlanan, nəfis tərtibatı və yüksək poliqrafik keyfiyyəti ilə seçilən "Baku Guide" bələdçi kataloqunun sentyabr sayı işıq üzü görüb. SİA-nın verdiyi məlumata görə, "Bakı haqqında hər şey" ("All about Baku") konseptində Azərbaycan, ingilis və rus dillərində hazırlanan nəşr hər yeni sayında oxucuların qarşısına daha zəngin və dolğun materiallarla çıxır.

Paytaxtımıza təşrif buyuran turistlərin və aktiv mədəni istirahətə üstünlük verən şəhər sakinlərinin ixtiyarına verilən budəfəki buraxılışda Bakının küçə və meydanları, şəhər və şəhər ətrafındakı görməli yerlər, tarixi məkanlar, mədəniyyət ocaqları haqqında məlumatlar, ünvan və əlaqə telefonları əksini tapıb.

Bələdçi kataloqunda teatr və konsert salonlarının sentyabr ayı üçün repertuarı, "Park Cinema"da nümayiş olunacaq ən populyar filmlərin afişası da yer alıb. Turistlər üçün maraq kəsb edəcək bir çox əlamətdar, tarixi hadisələr də jurnalın diqqətindən yayınmayıb. 18 sentyabr - Milli Musiqi Günü, Dünya Turizm Günü (27 sentyabr), 20 sentyabr - Neftçilər Günü ("Bakı - dünyanın neft paytaxtı") mövzusunda xüsusi materiallar bu qəbildəndir. Eyni zamanda, jurnalda sentyabr ayında gənclər və aktiv turistlər üçün nəzərdə tutulan tədbirlər, Şəkidə keçiriləcək teatr festivalı barədə məlumatlar da əksini tapıb.

Turistlər üçün informasiya bölməsində onları maraqlandıra biləcək suallar ətraflı cavablandırılıb. "Bakını "City sightseeng"lə kəşf edin", "Bakıdan xatirə", turizm agentləri, aviakassalar, hava yolları, kənd turizmi bölmələri də paytaxtımıza təşrif buyuran qonaqlar üçün mühüm informasiya mənbəyidir. Həmçinin turistləri və şəhərimizin qonaqlarını maraqlandıran hotel, restoran, ticarət və əyləncə məkanları haqqında məlumatlar, avtomobil kirayəsi, fövqəladə hallarda yardım almaq üçün çağrı mərkəzlərinin əlaqə nömrələri və s. kataloqda yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə