Bu gün məşhur azərbaycanlı dirijor və bəstəkar Niyazinin doğum günüdür. SİA-nın verdiyi məlumata görə, dahi sənətkarın 102 yaşı tamam olur.
Niyazi Zülfüqar oğlu Tağızadə – Hacıbəyov 1912-ci ildə avqustun 20-də Tbilisi şəhərində dövrünün tanınmış bəstəkarı Zülfüqar Hacıbəyovun ailəsində anadan olub. Çox kiçik yaşlarından ətrafında məşhur musiqi xadimlərini görən Niyazidə də musiqiyə böyük maraq oyanır. O, ilk təhsilini Bakı Musiqi Texnikumunda alır, lakin sonra təhsilini davam etdirmək üçün Moskva və Leninqrad (indiki Sankt-Peterburq) şəhərlərinə gedir.
"Xosrov və Şirin" operasının, "Çitra" baletinin, "Zaqatala süitası", "Qaytağı", "Konsert valsı" simfonik əsərlərinin, "Rast" simfonik müğamının "1920-ci ildə" opera-kantatasının, simfonik orkestr üçün "Rəqs süitası"nın, Hindistan yazıçısı Rabindranat Taqorun əsərləri əsasında yaratdığı "Çitra" baletininin və sairə musiqi əsərlərinin müəllifidir.
Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafı onun adı ilə bağlıdır. 1937-ci ildə Mirzə Fətəli Axundzadə adına Opera və Balet teatrında dirijorluq vəzifəsinə dəvət olunur. 1938-ci ildə Moskva şəhərində keçirilən Azərbaycan incəsənəti ongünlüyündə Müslüm Maqomayevin "Nərgiz" operasına dirijorluq edir. Üzeyir Hacıbəyovun "Koroğlu", Qara Qarayevin və Cövdət Hacıyevin "Vətən", Fikrət Əmirovun "Sevil" operalarının, Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletinin dirijorluğunu da Niyazi edib. Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və dirijoru olub.
Avropa və Asiyanın bir sıra ölkələrində çoxlu sayda dirijor kimi müvəffəqiyyətli çıxışlarına görə 1959-cu ildə SSRİ xalq artisti adına layiq görülüb. Bundan başqa o, SSRİ Dövlət mükafatına və "Çitra" baletini yaratdığına görə Hindistanda Beynəlxalq Nehru mükafatına layiq görülüb.
Qeyd edək ki, Niyazi 1984-cü ildə avqustun 2-də Bakı şəhərində vəfat edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB