Mirvari Dilbazinin doğum günüdür

Bu gün Azərbaycanın Əməkdar Mədəniyyət işçisi, xalq şairi Mirvari Dilbazinin doğum günüdür. SİA-nın verdiyi məlumata görə, M.Dilbazinin 102 yaşı tamam olur. .

XX yüzillik Azərbaycan şeirinin görkəmli yaradıcılarından biri-xalq şairi Mirvarid Dilbazi 70- ildən artıq yaradıcılıq yolu keçmiş, lirikamızın rəngarəng və kamil nümunələrini yaradıb. Mirvarid Dilbazi 1912-ci il avqust ayının 19-da Qazax rayonunun Xanlıqlar (indiki Musaköy) kəndində anadan olub. APİ-nin dil və Ədəbiyyat-İctimayyət fakültəsində təhsil alıb. İnstitutu bitirdikdən sonra gənc şairə Quba Partiya Məktəbinə ədəbiyyat müəllimi təyin olunub. İki ildən sonra Bakıya qayıdan Mirvari xanım Azərbaycan EA-nın Əlyazmaları fondunda şöbə müdiri, Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi vəzifələrində çalışıb.

"Qadınların hüriyyəti" adlı ilk şeri 1927-ci ildə "Oktyabr alovları" adlı məcmuədə dərc edilib. Bu dərgidə o cümlədən şairənin keçən əsrin 20-ci illərinin axırlarında yazılmış, Azərbaycan qadınlarının yeni həyat yollarını tərənnüm edən "Zəhra", "Qurtuluş", "Qadın" kimi şerləri dərc olunub. Böyük Vətən müharibəsi illərində bir çox sənətkarlarımızda olduğu kimi, M.Dilbazi yaradıcılığında da vətəni müdafiə mövzusu əsas yer tutub. Bu illərdə şairənin yeddi kitabı çap olunub ki, bunların altısı Vətən müharibəsinə həsr edilib. "Məhsəti" (1945), "Əlcəzairli qız" (1961), "Partizan Aliyə" (1972) poemalarının müəllifidir. Şairin "Məhsəti" və "Əlcəzairli qız" poemaları süjetinin genişliyi,məzmun zənginliyi baxımından seçilən əsərlərindəndir. Onun şeirləri yalnız mövzu rəngarəngliyi ilə deyil, həmçinin forma müxtəlifliyi və fikrin bədii ifadəsi baxımından da yetkin sənət nümunəsi səviyyəsinə qalxmış,şeir xəzinəmizi zənginləşdirib. M.Dilbazinin 70-80-cı illərdə "Bənövşələr üşüyəndə" (1970), "Ana qanadı" (1972), "Dağ çiçəyi" (1977), "Yasəmən fəsil", "Seçilmiş şeirlər" (1979) şeir kitabları və nəhayət, 3 cilddə "Seçilmiş əsərləri" (1982-84) çap olunub, ona Azərbaycanın Xalq şairi fəxri adını qazandırıb.

Bəstəkarlardan Süleyman Ələsgərov, Tofiq Quliyev, Fikrət Əmirov, Şəfiqə Axundova, Ağabacı Rzayeva və başqaları şairənin sözlərinə mahnılar, romans və oratoriyalar bəsləyiblər.

Nizami Gəncəvi, Xaqani Şirvani, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, N.Tixonov, Samuil Marşak, Sergey Mixalkov və başqa şairlərin əsərlərini, Evripidin "İppolit" faciəsini tərcümə edib. Əsərləri xarici dillərə tərcümə olunub.

İki dəfə Şərəf Nişanı ordeni "Şərəf nişanı" ordeni, "Qırmızı Əmək Bayrağı", "İstiqlal" ordeni və medallarla təltif edilib.

Qeyd edək ki, Mirvari Dilbazi 2001-ci il iyulun 12-də dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə