Beynəlxalq konqresdə müasir Azərbaycan memarlığı haqqında məlumat verilib

Beynəlxalq konqresdə müasir Azərbaycan memarlığı haqqında məlumat verilib

Azərbaycan Memarlar İttifaqının nümayəndə heyəti Cənubi Afrika Respublikasının (CAR) Durban şəhərində Beynəlxalq Memarlar İttifaqının "Müxtəlif yerlərdə memarlıq" ("Architecture otherwhere") mövzusunda keçirilən XXV Beynəlxalq konqresində iştirak edib. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Memarlar İttifaqının nümayəndələri konqres iştirakçılarına Azərbaycan və Bakının müasir memarlığından bəhs edən multimedia təqdimatı edib və ölkəmizin müasir memarlıq yaradıcılığı ilə barədə məlumatlandırıblar. Şəhər və rayonlarımızda müasir Azərbaycan memarlığının inkişafında memarlarımızın və onların tələbələrinin yaradıcı ideyaları təqdim edilib.

Konqres çərçivəsində, həmçinin Azərbaycan memarlığının nailiyyətlərini nümayiş etdirən sərgi təşkil olunub.

Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbəy Qasımzadənin konqresdəki çıxışında müasir Azərbaycan memarlıq məktəbinin nailiyyətləri qeyd edilib. Məruzəçi, həmçinin erməni təcavüzünün Azərbaycanın memarlıq irsinə vurduğu zərbə və işğal olunmuş ərazilərdə abidələrin məhv edilməsi barədə məlumatı iştirakçıların diqqətinə çatdırıb.

Beynəlxalq Konqres Mərkəzinin zallarında nümayiş etdirilən xarici şəhərsalma layihələri, istirahət zonaları, Durban şəhərinin sosial, mədəni və iqtisadi bərpası, yenidən qurulma layihəsi - AFRICA'S "SMART-CITY" konqresdə azərbaycanlı iştirakçıların diqqətini daha çox cəlb edib.

Azərbaycan Memarlar İttifaqının nümayəndələrinin digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və Beynəlxalq Memarlar İttifaqının yeni rəhbərliyi ilə gələcək əməkdaşlıq və ikinci Bakı Beynəlxalq memarlıq müsabiqəsinin - "Bakı-2015"in hazırlanması və keçirilməsinə aid bir neçə işgüzar görüşləri keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə