Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Film Fondunun və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə tanınmış aktyor və kinorejissor, xalq Artisti Şahmar Ələkbərovun xatirə gecəsi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir iştirakçıları əvvəlcə mərkəzin foyesində görkəmli aktyora həsr edilmiş fotosərgi ilə tanış olublar.
Gecə Şahmar Ələkbərovun həyat və fəaliyyətindən bəhs edən xatirə çarxının nümayişi ilə başlanılıb.
Tədbirdə çıxış edən Əməkdar İncəsənət Xadimi, kinorejissor Ayaz Salayev Şahmar Ələkbərovun Azərbaycan kino sənətinə verdiyi töhfələrindən danışıb: "Şahmar dünyadan vaxtsız getdi. O, Azərbaycan ekranına yeni tip qəhrəman gətirib. Bir rejissor kimi də özünü layiqincə təsdiq edərək milli kinomuzda retro üslubunun ustası kimi tanındı. Düşünürəm ki, Ş.Ələkbərov yaşasaydı yaşlı qəhrəmanların obrazını layiqincə ifa edərdi".
"Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov Ş. Ələkbərovun XX əsr Azərbaycan kinosunun ən görkəmli nümayəndələrindən biri olduğunu bildirib: "O, həm gözəl şəxsiyyət, həm də sənətkar idi. Bu iki keyfiyyəti özündə birləşdirmək hər sənətkara nəsib olmur. Kinostudiya Şahmar Ələkbərov kimi sənətkarların xatirəsini həmişə əziz tutub. Çünki bu, bizim mənəvi borcumuzdur".
Tədbirdə xalq artistləri Əminə Yusifqızı, Ramiz Məlikov, Nuriyyə Əhmədova, əməkdar artist Elxan Qasımov, kinorejissor, Ənvər Əbluc və başqaları çıxış edərək görkəmli aktyor Şahmar Ələkbərovun Azərbaycan mədəniyyəti, o cümlədən kino tariximizdəki mövqeyindən danışaraq, onunla bağlı xatirələrini bölüşüblər.
İctimai Televiziya və Radio Yayımları şirkətinin baş direktoru, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev tədbirin təşkilində əməyi olan hər kəsə dərin təşəkkürünü bildirib.
Qeyd edək ki, tədbirdə Şahmar Ələkbərovun çəkildiyi, həmçinin rejissor kimi quruluş verdiyi filmlərdən fraqmentlər nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB