Gəncə başdan-başa qədim tarixi abidələr şəhəridir

Gəncə başdan-başa qədim tarixi abidələr şəhəridir

Gəncə-Şəmkir-Göygöl marşrutu ilə ekskursiyada olan Şabran və Siyəzən rayonlarının şagirdləri "Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində avqustun 14-də Gəncə ilə tanışlığı davam etdirdilər. Proqrama uyğun olaraq məktəblilər dahi şair Nizami Gəncəvinin məqbərəsini ziyarət etdikdən sonra "Qala" arxeologiya və etnoqrafiya muzeyinə gəldilər. Şagirdlərə məlumat verildi ki, muzeyin salonlarında Gəncənin tarixini və etnoqrafiyasını əks etdirən çoxlu sayda eksponatlar nümayiş etdirilir.

Daha sonra şagirdlər Cavad xanın türbəsini ziyarət etdilər, yaxınlıqdakı Şah Abbas məscidində oldular. Məlumat verildi ki, türbənin inşası və Şah Abbas məscidinin əsaslı təmiri Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.

Məktəblilər gəncəli sənətkarların "Çökək hamam" tarixi-memarlıq abidəsində nümayiş etdirilən dekorativ sənət nümunələrinə baxdılar.

"Xan bağı"nda əyləncəli tədbirlərdə iştirak edən şagirdlər burada özlərinə çoxlu dostlar da tapdılar.

"Açığını deyim ki, tur-aksiyanın bu dərəcədə maraqlı olacağını gözləmirdim. Ancaq Gəncəyə çatdığımız andan yanıldığımı hiss etdim",- deyə tur-aksiya ilə bağlı təəssüratlarını bölüşən Siyəzən şəhərindəki 6 nömrəli orta məktəbin X sinif şagirdi Əfşan Bayramova əlavə etdi ki, gəzdiyimiz bütün yerlərdə verilən məlumatlarla bağlı qeydlər aparır, tarixi abidələrin yanında xatirə şəkilləri çəkdirirəm. Gəncə başdan-başa qədim tarixi abidələr şəhəridir. Sağlıq olsun, yeni dərs ili başlayanda gördüklərim və eşitdiklərim barədə sinif yoldaşlarıma danışacağam.

Şabran rayonunun Ağbaş kənd orta məktəbinin X sinif şagirdi Cavad Xudaverdiyev isə Gəncədə olduğu bu iki gündə özünə çoxlu dost tapdığını söylədi. Dedi ki, "Xan bağı" ölkəmizin ən gözəl istirahət yerlərindəndir. Burada gənclərin asudə vaxtlarını mənalı keçirmələri üçün hər cür şərait yaradılıb. Ümumiyyətlə, Gəncə şəhərinin hər qarışı gözəldir.

Beləcə, bütün günü şəhəri gəzən, onun gözəlliklərinə tamaşa edən şabranlı və siyəzənli məktəblilər aksiyadan razı qaldıqlarını bildirdilər.

Avqustun 15-də şagirdlər Şəmkir və Göygölə səyahət edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə