İsrailin Afula şəhərinin Mədəniyyət Sarayı öz qapılarını "Azərbaycan tolerantlıq ərazisidir" fotosərgisinin açılışına gələn qonaqların üzünə açıb. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikasının Milli Tolerantlıq Mərkəzinin və Heydər Əliyev Fondunun dəstəyi ilə "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının layihəsi çərçivəsində təşkil olunmuş bu səyyar sərgi artıq yarım ildən çoxdur ki, ölkəni gəzir. Kiryat-Qat, Neşer, Tirat-Karmel, Akko və Lod sakinləri eksponatlarla artıq tanış olublar.
Gecənin aparıcısı, "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası yanında Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman toplaşanları səmimi salamlayıb. Onların arasında şəhərin birinci şəxsləri – Afulanın meri İtshak Miron və onun müavini Mixail Barkan da olublar.
Afulanın meri mərakeşli İtshak Mironun rus dilində çıxış etməsi hamını təəccübləndirib. Məlum olub ki, o, 10 ay bundan əvvəl keçmiş SSRİ-dən gəlmiş insanların böyük bir icmasının yaşadığı bir şəhərin meri olarkən rus dilini öyrənməyi qərara alıb.
Mer deyib: "Mən bir neçə dəfə Azərbaycanda olmuşam. Gəncədə, Oğuzda, Qubada və əlbəttə, Bakıda olmuşam. Bu səfərlərdən sonra məndə yaranmış əsas təəssürat belədir: Azərbaycan çox güclü ölkədir. Burada güclü və qonaqpərvər insanlar yaşayır. Ölkələrimiz bir-birinə çox bənzəyir, buna görə də dostluq etməlidirlər".
Onun ardınca çıxış edən müavini Mixail Barkan da beş il işləyib çalışdığı bu heyrətamiz ölkə haqqında çox xoş sözlər deyib.
Tədbir iştirakçıları Azərbaycanda yəhudi icmasının tarixinə dair maraqlı mühazirəyə qulaq asıb, "Azərbaycan İsrail jurnalistlərinin gözü ilə" televiziya süjetinə baxıblar. Leonid Barştakın rəhbərlik etdiyi simli kvartetin çıxışı gecəyə yekun vurub. Proqramda Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Tofiq Quliyevin populyar əsərləri səsləndirilib.
Fotosərgiyə gələnlərə respublika ərazisində əsrlər boyu yanaşı fəaliyyət göstərmiş kilsələrdən, məscidlərdən və sinaqoqlardan söhbət açan fotoşəkillərdən ibarət prospektlər, ötən il "İsraildə Azərbaycan günləri"nin keçirilməsi haqqında filmin diski və "Baku" jurnalı hədiyyə edilib.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB