"Azər-İlmə" dünya muzeylərində saxlanılan Azərbaycan xalçalarını araşdırır

"Azər-İlmə" dünya muzeylərində saxlanılan Azərbaycan xalçalarını araşdırır

Dünya muzeylərində və kolleksiyalarında saxlanılan Azərbaycan xalçaları milli mədəniyyət tariximizin araşdırılması baxımından müstəsna əhəmiyət kəsb edir. SİA-nnı verdiyi məlumata görə, "Azər-İlmə" gündən-günə genişləndirdiyi beynəlxalq əlaqələri zəminində dünyanın bir sıra məşhur muzeylərində saxlanılan Azərbaycan xalça nümunələri haqqında məlumatlar əldə edə bilib. Bilavasitə həmin muzeylərə təşkil olunan ezamiyyələrdə xalçaların saxlanılma vəziyyəti, onların muzeyə daxil olma tarixi və hansı adlarla ekspozisiylarda yerləşdirilməsi, texniki və bədii göstəriciləri haqqında informasiya alınmış, fotoşəkillər çəkilib. "Viktoriya və Albert", "Metropoliten" və s. kimi nüfuzlu muzeylərin ekpozisiyalarını bəzəyən Qarabağ, İrəvan, Naxçıvan, Gəncə, Quba, Bakı, Qazax-Borçalı, Təbriz, Şirvan qruplarına aid Azərbaycan xalça və xalça məmulatları haqqında məlumatlar "Azərbaycan xalçaları" jurnalında əhatəli şəkildə işıqlandırılıb.

"Azər-İlmə"nin elmi əlaqələr qurduğu Rusiya Dövlət Şərq Muzeyində də nümayiş etdirilən Azərbaycan xalçalarının sayı kifayət qədərdir. Hal-hazırda aparılan müştərək tədqiqatlar həmin xalça nümunələrinin hərtərəfli araşdırılmasına, öz adı, ünvanı, xalça qrupu, çeşnisi, texnologiyası ilə tanınmasına yönəlib.

Qeyd edək ki, bu muzeydəki Azərbaycan xalçalarının böyük əksəriyyəti yanlış adlandırılmış, bəzi hallarda isə digər xalqların maddi-mədəniyyət nümunəsi kimi təqdim edilib. Professor Vidadi Muradovun rəhbərlik etdiyi tədqiqat qrupuna həm Azərbaycan, həm də Rusiyanın ayrı-ayrı elmi tədqiqat mərkəzlərindən tarixçilər, etnoqraflar, xalçaçılar, sənətşünaslar cəlb ediliblər. "Azər-İlmə" digər xarici ölkələrdəki muzeylərlə də bu sahədə əməkdaşlığını, elmi araşdırmalarının miqyasını daha da genişləndirmək niyyətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə