Naxçıvanda xalq teatrlarının muxtar respublika festivalı başa çatıb. Festivalın son günündə Babək Rayon Xalq Teatrı böyük dramaturqumuz Cəfər Cabbarlının "Solğun çiçəklər" tamaşasını teatrsevərlərə təqdim edib.
Səhnə əsərinin quruluşçu rejissoru Yusif Əliyev, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı Əli Səfərov, musiqi tərtibatçısı Elnur Rəhimovdur.
2012-ci ildə hazırlanan "Solğun çiçəklər" tamaşası kollektivin maraqlı səhnə əsərlərindəndir. Peşəkar teatrımız tərəfindən dəfələrlə səhnəyə qoyulan bu tamaşa xalq teatrının ifasında maraqlı səhnə təcəssümü ilə teatrsevərlər tərəfindən rəğbətlə qarşılanıb.
Festivalın sonunda Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov çıxış edərək bildirib ki, bu cür festivalların keçirilməsi teatra həvəs göstərən, yaradıcılıq qabiliyyəti olan insanların istedadının aşkara çıxarılmasında və formalaşmasında böyük əhəmiyyət daşıyır. Qeyd edilib ki, bu festival xalq teatrları üçün öz qüvvəsini və yaradıcılıq potensialını daha geniş tamaşaçı kütləsi qarşısında göstərmək nöqteyi-nəzərindən faydalı oldu. Həmin kollektivləri geniş ictimaiyyətə tanıtmaq baxımından da bu tədbirin əhəmiyyəti az deyil.
Sonda xalq teatrlarına Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin diplomları təqdim edildi.
Qeyd edək ki, xalq teatrlarının muxtar respublika festivalı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il fevralın 7-də imzaladığı "Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında" Sərəncamına uyğun olaraq reallaşdırılıb. Festival bu il iyulun 18-də başlamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB