Aktyorlarımızın milli filmlərimizə arzuları FOTOLAR

Aktyorlarımızın milli filmlərimizə arzuları FOTOLAR

Ümummilli Lider Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə hər il 2 avqust Azərbaycanda Milli Kino Günü kimi qeyd olunur. Azərbaycan kino sənətinin tarixi 1898-ci il iyunun 21-dən başlayır. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və s.) və bir bədii kinosüjetdən ("İlişdin") ibarət olub. SİA olaraq Milli Kino Günü ilə bağlı aktyor və aktrisalarımızın fikirlərini öyrəndik. Onların filmlərimiz haqqında münasibətini sizlərə təqdim edirik:

Xalq artisti Ağaxan Salmanlı: "Öncə bütün kino işi ilə məşğul olan insanları təbrik edir, can sağlığı, ailə səadəti və yaradıcılıq uğurları arzulayıram. O ki qaldı kinonun hazırkı durumuna, münasibətim çox yaxşıdır. Böyük ümidlərim var. Adətən filmlərimizi xarici kinolarla, seriallarla müqayisə edirik. Uğurlarımızdan danışanda isə öz milli filmlərimizdən fəxrlə söz açırıq. Mən belə düşünürəm ki, kino və seriallarımız milli dəyərlərimizə uyğun çəkilsə, özümüzü geniş miqyasda tanıda bilərik. Sonda onu da deyim ki, filmlərin satışı nizamlansa, kinolarımız istədiyimiz səviyyəyə çatar".

Əməkdar artist Sənubər İsgəndərli: "Filmlərimizin inkişafı barədə heç bir irəliləyiş yoxdur. Bununla bağlı arzularımızı dilimizə gətiririk, optimist notlara yüklənirik. Ancaq hələ də yerimizdə sayırıq. Ara-sıra işartılar görünür, yenə də yoxa çıxır. İnşaAllah, yaxşı olar".

Əməkdar artist Fizuli Hüseynov: "Azərbaycanda keyfiyyətli kino çəkilmir".

Əməkdar artist Naibə Allahverdiyeva: "Bütün kino işçilərimizi təbrik edir, bu çətin və məsuliyyətli işdə onlara uğurlar arzu edirəm. Bir aktrisa kimi kinomuzun indiki vəziyyəti mənim ən ağrılı yerimdir. Dünya kinosu ilə rəqabətə çıxa bilməsək də, milli kinomuzu heç olmasa öz tamaşaçılarımıza sevdirə bilək".

Əməkdar artist Elşən Rüstəmov: "Bütün kino işçilərini və ürəyi kino ilə döyünən hər kəsi ürəkdən təbrik edirəm. Azərbaycan kinosunun hazırkı durumu məni qane etmir. Filmlərimizin inkişafı sanki yerində durub. Doğrudur, müxtəlif kinofestivallarda uğur qazanan filmlərimiz var. Buna görə çox sevinirəm. Amma ümumilikdə əvvəlki illərə nisbətən sanki səngiyib. Halbuki əksinə, çəkilən filmlər daha çox olmalı idi. Azərbaycan kinosunun gələcəyindən söhbət etdikdə isə qoy kinomuz bütün sivil dövlətlərdə necədirsə, elə də olsun".

Əməkdar artist Şəlalə Şahvələd qızı: "Qısametrajlı filmləri çıxmaq şərti ilə ümumilikdə kinomuz bərbad gündədir. Ümid edirəm ki, nə vaxtsa bizim də filmlərimiz dünya kinolarını geridə qoyar. Buna baxmayaraq, yenə də bütün kino sahəsində çalışanları təbrik edib, onlara can sağlığı arzu edirəm. Onu da deyim ki, xeyli sayda gənc kinorejissorlar özlərini film çəkilişlərində sınayırlar. Qısametrajlı olsa da uğurlu alınır. Çox istərdim bizi də keyfiyyətli filmlərlə tanısınlar".

Əməkdar artist Nicat Kazımov: "Milli kinomuza inkişaf, kino xadimlərinə peşəkarlıq, tamaşaçılara səbr, özümə isə yeni və maraqlı rollar arzulayıram".

Aktyor Qurban Məsimov: "Öncə bütün kinosevərləri və kino sahəsində çalışanları təbrik edirəm. Müasir kino bazarını bilmədən yaratmaq olmaz. Kinomuza, müasir biliklərə yiyələnmiş kino prodüserlər, müasir təsvir texnologiyasına sahib operator və texniklər, sənətində yeni zirvələr fəth etmək istəyən aktyorlar, kino yanğısı olan, söz demək istəyən rejissorlar arzulayıram".

Aktyor Sərvər Əliyev: "Kinomuzun indiki durumu ürəkaçan deyil. Bunun obyektiv və subyektiv səbəbləri var. İstərdim ki, ildə heç olmasa 6-7 səviyyəli film çəkilsin. Nə qədər çox kinolar çəkilsə, o qədər də irəliləyişlər olar".

Aktyor Allahverdi Yolçuyev: "Mənim arzularım çoxdur. İstərdim ki, kinostudiya təmir olunsun, orda kino sahəsinə aid olan peşə kursları açılsın. Aktyorlar, rejissorlar, ssenari yazanlar və digər sahədə olan kino işçiləri filmin inkişaf etdiyi ölkələrə təcrübə keçmək üçün işçilər göndərsin. Sanballı dəstə və kinostudiya hazır olandan sonra səviyyəli filmlər çəkib dünyaya çıxmaq lazımdır. "Azıx mağarası"ndan, "Qobustan qayaları", "Şah İsmayıl Xətai", "Məhəmməd Fizuli" və başqa tarixi məkanlardan və şəxsiyyətlər haqqında filmlər çəkilə bilər. Ancaq bunlar üçün yaxşı maliyyə ayrılmalıdır".

Aktyor İntiqam Soltan: "Bu gün kinomuzu ölü hesab edilәn yatmış ceyrana bәnzәdirəm. Hansı ki, acgöz quzğunlar onu qalxmağa imkan vermәdәn diri-diri dağıdırlar. Ancaq əminəm ki, tezliklə kinolarımız istədiyimiz səviyyəyə çatacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə