Milli Kitabxanada Azərbaycan əlifbası və Azərbaycan dili günü qeyd olunub

Milli Kitabxanada Azərbaycan əlifbası və Azərbaycan dili günü qeyd olunub

Mirzə Fətəli Axundzadə adına Milli Kitabxanada 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə kitabxananın direktoru Kərim Tahirov dilimizin tarixi inkişaf mərhələlərindən geniş söz açıb: "Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən qeyd edilir. Məhz Ulu Öndərin qətiyyəti və siyasi iradəsi nəticəsində respublikamız həmin tarixdən tam şəkildə latın qrafikalı Azərbaycan əlifbasına keçib. Ulu Öndərin böyük qətiyyəti, cəsarəti və prinsipiallığı sayəsində hələ sovet dövründə - 1978-ci ildə qəbul olunan respublika Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsbit edən maddə salınıb. Bu, həm də Ümummilli Liderin öz ana dilini dərindən bilmək, onun bütün sirlərinə, gözəlliklərinə bələd olmaq, onlardan məharətlə, yerli-yerində istifadə edə bilmək qabiliyyətindən qaynaqlanıb".

Qeyd edək ki, sonda tədbir iştirakçıları bu əlamətdar gün münasibətilə təşkil edilmiş kitab sərgisi ilə yaxından tanış olublar. Bir həftə davam edəcək sərgidə 100-dək kitab və dövrü mətbuat materialları əks olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə