İlya Korol: "Qəbələ festivalı geniş tamaşaçı auditoriyasına əsl incəsənət bayramı yaşadır"

İlya Korol: "Qəbələ festivalı geniş tamaşaçı auditoriyasına əsl incəsənət bayramı yaşadır"

Bu günlər Qəbələdə dünyanın məşhur musiqi kollektivlərinin konsertləri böyük tamaşaçı auditoriyasına əsl incəsənət bayramı yaşadır. Bu sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən VI Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Zalsburq Mozateum Universitetində mühazirəçi, tanınmış skripkaçı İlya Korol müsahibəsində deyib.

Festivalın əhəmiyyətini yüksək qiymətləndirən İlya Korol füsunkar təbiətin, uca dağların və yaşıl meşələrin əhatəsində, təmiz havada təşkil olunan belə gözəl musiqi bayramının yerli və xarici qonaqlara unudulmaz anlar yaşatdığını xüsusilə qeyd edib.

Bakıda bir neçə dəfə olduğunu vurğulayan İlya Korol deyib: "Bu dəfə Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportunda yerə enəndə şəhəri tanımadım. Qəbələyə gəldikdə isə belə kiçik məkanda tikilmiş beşulduzlu mehmanxanalar kompleksi, yaradılmış şərait, qonaqpərvər insanlar və yüksək xidmət məni valeh etdi".

Qəbələ festivalı barədə "Euronews" telekanalında yayımlanan videoçarxlar vasitəsilə məlumatlı olduğunu diqqətə çatdıran İlya Korol bu möhtəşəm sənət bayramında iştirak etdiyi üçün çox şanslı olduğunu dilə gətirib.

Musiqinin dili olmadığını deyən tanınmış skripkaçı orkestrin Yohannesburqdan, dirijorun Avstriyadan, İsraildən olmasını incəsənətin vəhdəti adlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə