Azərbaycan alimləri Kazanda beynəlxalq konfransda iştirak ediblər

Azərbaycan alimləri Kazanda beynəlxalq konfransda iştirak ediblər

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Mədəniyyət Nazirliyi TÜRKSOY-la birgə "Kazan - 2014-cü ildə türk dünyasının paytaxtıdır" layihəsi çərçivəsində "Türk xalqlarının qeyri-maddi irsi mühafizə obyekti kimi" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirib.
SİA-nın verdiyi xəbərə görə, Kazan şəhərində təşkil edilən konfransa Türkiyə, Azərbaycan, Qazaxıstan və digər türkdilli dövlətlərin və Rusiya Federasiyasının 10 regionunun ali məktəb müəllimləri, alimlər, mədəniyyət mərkəzlərinin rəhbərləri qatılıblar. Ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun əməkdaşları təmsil ediblər.

Tədbirdə dialektologiya, etnoqrafiya, kulturologiya, hüquq, iqtisadiyyat, folklor və digər elm sahələrinin mütəxəssisləri tərəfindən Rusiya Federasiyası ərazisində, həm də onun sərhədlərindən kənarda qeyri-maddi mədəni irs problemləri müzakirə olunub. Alimlər ənənəvi türk xalq mədəniyyətlərinin sistemləşdirmə və tədqiq məsələləri, həmçinin qeyri-maddi mədəni irsin daşıyıcısı kimi dilin mühafizəsi problemləri haqqında fikir mübadiləsi aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə