Jurnalistləri gülmək krizinə salan "Ev videosu"

Jurnalistləri gülmək krizinə salan "Ev videosu"

Metropark Ticarət və əyləncə mərkəzi ənənəsinə sadiq qalaraq xarici filmlərin Azərbaycanda ilk nümayişini məhz media nümayəndələrinə nümayiş etdirir. SİA-nın xəbərinə görə, bu dəfəki filmin nümayişi isə jurnalistlər üçün əlamətdar gün olan Milli Mətbuatın yaranmasının 139-cu ilinə təsadüf edib.

Filmin nümayişindən əvvəl çıxış edən Park Bulvar AVM-in PR meneceri Günay Malikqızı bütün media əhlini təbrik edib və bundan sonrakı işlərinə onlara uğurlar arzulayıb.

Daha sonra media əhli bu dəfə Metropark Ticarət və əyləncə mərkəzində fəaliyyət göstərən Park Cinema kinoteatrında baş rollarını məşhur aktrisa Kemeron Diaz və Ceyson Ciqelin canlandırdığı "Ev videosu: yalnız böyüklər üçün" filminə baxıblar.

Xatırladaq ki, Cey (Ceyson Siqel) və Enni (Kemeron Diaz) arasında münasibətlər onların yeni tanış olduqları zaman hisslər olduqca zəngin idi. Lakin 10 il birgə yaşadıqdan və 2 övlada sahib olduqdan sonra onların məhəbbətinin qığılcıma ehtiyacı vardı. Hissləri yenidən alovlandırmaq üçün özlərinin intim marafonunu videoya çəkməyi qərara alırlar. Bu ideya onlara çox cəlbedici gəlsə də, çox çəkmir ki, özləri üçün çəkdikləri özəl video görüntülərinin yayıldığını anlayırlar.

Film boyu zalda oturan jurnalistlər yumor hisslərini gizli saxlaya bilməyiblər. Film boyu qəhrəmanların düşdükləri çoxsaylı komik vəziyyətləri, onların bir-birinə söylədikləri atmaca və zarafatları izləyərkən media əhli gülməkdən özlərini saxlaya bilməyiblər.

Park Cinema kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyevin verdiyi məlumata görə, filmin ssenarisi məxsusi olaraq əvvəllər Ceyk Kezdanın dünya prokatında 200 milyon dollardan artıq gəlir gətirmiş "Çox pis müəllimə" filmində rol alan Kemeron Diaz və Ceyson Siqel üçün yazılıb: "Filmin yaradıcılarının intuisiyası onları yanıltmadı. Bu aktyorların harmonik oyunu sayəsində olduqca gülməli bir film ərsəyə gəlib".

O həmçinin qeyd edib ki, filmin intim səhnələrlə bol olmasına baxmayaraq, hər bir səhnədə bütün ədəb qaydaları nəzərə alınıb, əsas diqqət yumora yönəlib, hər hansı bir şitlik və bayağılığa yol verilməyib.

Qeyd edək ki, ölkədə ilk yeni nəsil kinoteatrlar şəbəkəsi olan Park Cinema 16 oktyabr 2010-cu il tarixində fəaliyyətə başlayıb. Hazırda şəbəkə 3 kinoteatr, (Park Bulvar, Metropark, Amburan) 13 zal və 2200-dən artıq oturacaq yerlə təqdim olunub. Park Cinema kinoteatrlar şəbəkəsinin sayca 4-cü kinoteatrında Park Cinema Zaqulbada 4 zal, 600 kreslo var. Zalların hər biri ən son texnologiyalarla təchiz olunub. Park Cinema Fıame Tower isə şəbəkənin 6-cı kinoteatrıdır. Kinoteatrın bir zalı İMAX texnalogiya ilə təchiz olunub. 1000 oturacaqlı kinoteatr Azərbaycan kino bazarında tamamilə yeni səhifə açacaq.

Şəbəkənin kinoteatrlarında ən son texnologiyalardan istifadə olunan və kinoproyeksiya sahəsində təqdim olunan aparıcı brendlərdən olan avadanlıqlar quraşdırılıb. Şəbəkə və repertuar haqqında ətraflı məlumatı www.parkcinema.az saytından və Facebook sosial şəbəkə səhifəsindən http://www.facebook.com/ParkCinema-dan əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə