Naxçıvan Muxtar Respublikasında Xalq Teatrları Festivalı açıldı

Naxçıvan Muxtar Respublikasında Xalq Teatrları Festivalı açıldı

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il fevralın 7-də imzaladığı "Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında" Sərəncamına uyğun olaraq Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında xalq teatrlarının muxtar respublika festivalı açılıb. SİA-nın verdiyi xəbərə görə, Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov festivalın açılış mərasimində çıxış edərək bildirib ki, Azərbaycanda teatr sənətinin, xalq teatrlarımızın tarixi çox qədimdir. Qobustan və Gəmiqaya qayaüstü rəsmləri bunu deməyə əsas verir. Xalqımızın yaratdığı xalq oyunları və meydan tamaşaları və bayram məzhəkələri teatr sənətimizin ilk nümunələridir. Xalqın yaradıcılıq təxəyyülünün imkanlarını göstərən, folklorumuzun zənginliyini ortaya qoyan bu tamaşalar peşəkar teatra qədər böyük bir missiyanı yerinə yetirib. Qeyd edilib ki, xalq teatrlarının və dram dərnəklərinin işinin daha da səmərəli təşkilində, özfəaliyyət kollektivlərinə istedadlı gənclərin cəlb edilməsində, onların yaradıcılıq qabiliyyətinin formalaşdırılmasında belə festivalların keçirilməsi böyük əhəmiyyət kəsb edir.

Sonra Şərur Rayon Xalq Teatrının fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Festival Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrının yazıçı-dramaturq Cahangir Aslanoğlunun "Qısqanc ər" əsəri əsasında hazırladığı eyniadlı tamaşa ilə açılıb.

Qeyd edək ki, iyulun 25-də Şahbuz Rayon Xalq Teatrının Zülfüqar Hacıbəyovun "Evliykən subay", avqustun 5-də isə Babək Rayon Xalq Teatrının Cəfər Cabbarlının "Solğun çiçəklər" əsəri əsasında hazırladıqları eyniadlı tamaşalar nümayiş etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə