“Gəzən kitabxana”

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə həyata keçirilən "Gəzən kitabxana" layihəsinin iştirakçıları xaçmazlı oxucularla görüşüb. SİA-nın verdiyi xəbərə görə, iyulun 10-dan fəaliyyətə başlamış səyyar kitabxana bir həftə ərzində rayon sakinlərinə xidmət göstərib. Bu müddətdə 100-dən çox oxucu səyyar kitabxananın xidmətindən yararlanıb. Səyyar kitabxanada Azərbaycan, rus, ingilis və türk dillərində 5 min ədəd çap və 10 min ədəd elektron kitab mövcuddur. Kitabxanadan orta məktəb dərsliklərini də əldə etmək və yaxud onların surətini çıxarmaq mümkündür. "Gəzən kitabxana"nın Xaçmazdan sonra İsmayıllılı oxuculara xidmət göstərməsi nəzərdə tutulub. Aksiya indiyədək ölkəmizin 22 şəhər və rayonunda həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə