Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə 17-22 noyabr 2014-cü il tarixində Nizami Kino Mərkəzində II Bakı Beynəlxalq İdman Filmləri Festivalı (BBİFF) keçiriləcək. SİA-nın verdiyi məlumata görə, festivalın məqsədi bütün idman növlərinə həsr olunan, idmanın inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir. Festival 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunları ərəfəsində ölkəmizin idman potensialına diqqəti cəlb etməyi də qarşısına məqsəd qoyub.
Festivala təqdim olunan filmlər kinematoqrafçılar və idman ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Münsiflər heyəti hər 5 kateqoriya üzrə (İdman və dünya, İdman və şəxsiyyət, Bədii film, TV filmləri və proqramları, Milli film) üç filmi müəyyən edəcək. Qaliblərə diplom, priz və pul mükafatları nəzərdə tutulub. Festivalın ən yaxşı filminə isə QRAN PRİ veriləcək.
II BBİFF müsabiqə proqramları ilə yanaşı seminarlar, film müəllifləri ilə idman mütəxəssisləri və KİV təmsilçiləri arasında müzakirələr keçirəcək.
Filmləri festivalın www.bisff.az saytı vasitəsilə təqdim etmək mümkündür.
II BBİFF mənzil qərargahı Milan şəhərində yerləşən İdman Kino və Televiziya Filmləri Beynəlxalq Federasiyasının (FİCTS) üzvüdür.
Festivalla bağlı daha ətraflı məlumatı www.bisff.az veb-saytından əldə etmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB