İlyas Əfəndiyevin 100 illik yubileyi Füzuli rayonunda müxtəlif tədbirlərlə qeyd edilir

İlyas Əfəndiyevin 100 illik yubileyi Füzuli rayonunda müxtəlif tədbirlərlə qeyd edilir

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Əməkdar İncəsənət Xadimi, Dövlət Mükafatı laureatı, "Şöhrət" ordenli, Xalq Yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 100 illiyi Füzuli rayonunda müxtəlif tədbirlərlə qeyd edilir. SİA-nın məlumatına görə, rayon icra hakimiyyətində hazırlanmış tədbirlər planına uyğun olaraq Böyük Bəhmənli kəndində və 2 nömrəli Qayıdış qəsəbəsindəki mədəniyyət evində ədəbi-bədii gecə keçirilib. Tədbirdə 1914-cü il mayın 28-də Füzulidə dünyaya göz açan İlyas Əfəndiyevin həyat və yaradıcılığı barədə ətraflı məlumat verilmiş, ədəbiyyatımıza verdiyi töhfələrdən danışılıb. Diqqətə çatdırılıb ki, görkəmli nasir və dramaturq İlyas Əfəndiyevin zəngin ədəbi irsi Azərbaycan ədəbiyyatında yeni mərhələnin təşəkkülünə böyük təsir göstərib. Respublikamızda teatr səhnəsinin müasir simasının formalaşmasında İlyas Əfəndiyev dramaturgiyasının özünəməxsus yeri vardır.

Qeyd edək ki, ədəbi-bədii gecədə Füzuli Dövlət Dram Teatrının aktyorları tərəfindən İlyas Əfəndiyevin "Unuda bilmirəm", "Mahnı dağlarda qaldı", "Bizim qəribə taleyimiz" və "Bahar suları" pyeslərindən səhnələr göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə