Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu ölkənin biznes turizm məkanı kimi təbliği çərçivəsində daha bir nüfuzlu tədbirdə iştirak edib. SİA-nın məlumatına görə, büro İstanbulda təşkil edilən M&I Avropa forumunda iştirak edib. M&I Forumu biznes turizm sahəsində dünyanın ən böyük platforması olub, müxtəlif hədəf bazarları üçün ildə altı forum təşkil edir.
Avropanın MİCE (biznes turizm) bazarının ən nüfuzlu və aparıcı üzvlərini bir araya gətirən M&I Avropa Baharı Forumunda Azərbaycan Konqreslər Bürosu tərəfdaşı Pik Palace Hotel Shahdag ilə birgə Azərbaycanı ən yüksək səviyyədə təmsil edib. Aparıcı MİCE bazarı təmsilçiləri və şirkətləri Büronun işinə və Azərbaycana böyük maraq göstərib.
Forum çərçivəsində Büro alıcılarla 56-ya yaxın fərdi görüş və iclaslar keçirib ki, bu görülən işlərin uğurunu bir daha vurğulayır. Keçirələn görüş və danışıqların əsasında qeyd etmək olar ki, Azərbaycanın turizm bazarına ən böyük marağı məhz Britaniya, Rusiya və Almaniya göstərir.
Azərbaycanla əməkdaşlıqda və ölkənin biznes turizminə sərmayə qoymaqda maraqlı olan digər ölkələr sırasında Fransa, İspaniya, İtaliya, Polşa, İsveçrə, Macarıstan, Bolqarıstan, İsveç, Danimarka, Belçika, və s. kimi ölkələri də göstərmək olar. Forum çərçivəsində Büro bu ölkələrdən olan alıcılar ilə də iclaslar keçirib.
Alıcıların əksər hissəsinin təmsil etdikləri şirkətlərin ən üst idarə heyətində yer almaları və həmin şirkət və təşkilatlarda qərar alınma prosesində iştirak etmələri keçirilən iclasların mahiyyətinin olduqca yüksək olduğunu bir daha göstərir.
M&I Forumu, öz özlüyündə Azərbaycanı dünya MİCE bazarında beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim etmək üçün əlverişli platforma olmaqla yanaşı, həmçinin ölkədə müəyyən sahədə maraqlı olan alıcılarla görüşmək və eləcə də təklif üçün sorğuların (Request For Proposal) müzakirəsi üçün gözəl məkandır.
Qeyd edək ki, Büro 9-13 noyabr tarixlərində Berlində keçiriləcək M&I Rusiya və Şərqi Avropa Forumunda iştirak etməyi planlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB