Şair-dramaturq Yusif Həsənbəyin “Təkan” adlı povesti işıq üzü görüb
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Əməkdar incəsənət xadimi Yusif Həsənbəyin Xalq yazıçısı İlyas Əfəndiyevə həsr olunmuş "Təkan" adlı povesti 500 nüsxə tirajla yenicə işıq üzü görüb. SİA-nın məlumatına görə, Yusif Həsənbəyin günümüzə qədərki dövrdə "Ördəyin balaları" (1960), "Yağışda çimən cücə", "Qağayı", "Çay dənizə tələsir", "Unutmaram o günləri" və s. şeir kitabları, o cümlədən "Sarı Çalı" povesti və "Sualtı döyüşlər" adlı romanı oxuculara təqdim olunub. "Ayı kürkü" və "Dağlarda işıq" əsərləri əsasında televiziya tamaşaları hazırlanıb və "Sehirli üzük" pyesi Mingəçevir Dövlət teatrında, "Yıxılanı qaldır" pyesi Ağdam Dövlət teatrında səhnəyə qoyulub.
Ədibin "Təkan" adını verdiyi yenicə nəşr olunmuş povestində isə insanın həyatındakı təsadüflərin, əslində, onu məqsədinə doğru aparan yolda bir əlamət, bir rəmz olması vurğulanır. Bu rəmzlərin mahiyyət etibarilə insanın anlamadığı, sonadək dərk etmədiyi ilahi "şifrələr" olması oxucunun diqqətinə çatdırılır. Müəllif povestdə, həmçinin, xeyirxahlıq, vicdanlılıq, dürüstlük kimi yüksək mənəvi-ruhani keyfiyyətləri ustalıqla tərənnüm edir.
Qeyd edək ki, haqqında bəhs olunan kitab Nazirliyin tabeçiliyində olan kütləvi kitabxanalara və digər aidiyyəti qurumlara paylanılacaq. Həmçinin, tezliklə kitabı Nazirliyin www.bakubookfair.com saytında "Elektron kitabxana" bölməsində oxumaq mümkün olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB