Bu gün Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının və Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin birgə təşkilatçılığı ilə "Davamlı inkişaf mədəniyyəti: universal və milli dəyərlərin qarşılıqlı əlaqəsi" mövzusunda IV Beynəlxalq elmi konfrans öz işinə başlayıb. SİA-nın məlumatına görə, konfrans Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, YUNESCO məsələləri üzrə Rusiya Federasiyası Komissiyası, "BMESU" Akademiyasının Qloballaşma və Davamlı İnkişaf İnstitutu, Cənubi Rusiya Qeyri-Hökumət Ali Məsələləri Assosiasiyası tərəfindən dəstəklənir.
Konfransda 14 ölkədən 25-dən çox alim və mütəxəssis iştirak edir.
Konfransı giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mədəniyyət anlayışının artıq cəmiyyətin həyat tərzinin ayrılmaz bir hissəsinə çevrilərək bütün sahələrdə öz gücünü göstərdiyini bildirib. Diqqətə çatdırıb ki, davamlı inkişaf haqqında danışarkən bunu mədəniyyətdən kənar təsəvvür etmək mümkün deyildir. Davamlı inkişaf insanın, həmçinin cəmiyyətin hərtərəfli inkişafı, bütün sahələrdə gedən yeniliklərə uyğunlaşmasıdır. Bu gün sənayenin, iqtisadiyyatın, enerji sektorunun, ekologiyanın, turizmin artıq mədəni anlayışların çərçivəsində inkişaf etdirilməsindən danışılır.
Tədbirin təşkilinin Azərbaycan dövlətinin müvafiq sahəyə diqqətinə daha bir bariz nümunə olduğunu deyən nazir Əbülfəs Qarayev konfransın işinə uğurlar arzulayıb.
YUNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva, Moskvada YUNESCO Bürosunun Azərbaycan, Belarus, Moldova, Rusiya Federasiyanın mədəniyyət proqramları üzrə mütəxəssisi Lyubava Moreva, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri, professor Kamran İmanov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Rusiya Federasiyasından Qloballaşma və Davamlı İnkişaf İnstitutunun direktoru Nizami Məmmədov konfransın əhəmiyyətini, aktuallığını vurğulayıb və tədbir iştirakçılarına uğurlar arzulayıblar.
Çıxışlarda konfransın mövzusu ilə bağlı Azərbaycanın təcrübəsi yüksək qiymətləndirilib. Azərbaycanın birinci xanımı, YUNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə elə böyük təhsil, mədəniyyət proqramları həyata keçirilir ki, onlarsız davamlı inkişafa nail olmaq mümkün olmadğını bildiriblər.
Diqqətə çatdırılıb ki, insanın təbiəti və mədəniyyətin mahiyyəti, mədəni ənənələr və insan fəaliyyəti, sosial inkişafda mədəniyyətin proqramlaşdırıcı funksiyası, mədəniyyət və ənənələrə postmodern yanaşma, mədəni qloballaşmanın mahiyyəti və perspektivləri məsələlərinə xüsusi diqqət yetirilir. Mədəni qloballaşma və mədəni müxtəlifliyin qorunması problemi, mədəniyyətlərin yaxınlaşması və davamlı inkişaf mədəniyyətinin birləşdirici xüsusiyyəti, sosial kapital və davamlı inkişaf mədəniyyətinin dəyərlər sistemi, davamlı inkişaf mədəniyyətinə keçid mədəni siyasətin məqsədi kimi, davamlı inkişaf mədəniyyətinin formalaşmasında təhsilin, maarifin, KİV-in rolu məsələləri də konfransın əsas müzakirə mövzularındandır.
Qeyd edək ki, iyulun 9-da başa çatacaq konfrans öz işini plenar iclaslarla davam etdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB