Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Rusiyanın Əməkdar Rəssamı İqor Burqanovun eskizi əsasında toxunmuş xalçanın kəsilməsi mərasimi keçirilmişdir. İ.Burqanov Moskvadakı "Burqanov Evi" Dövlət Muzeyinin direktoru, Rusiya Rəssamlıq Akademiyasının müxbir üzvüdür.
Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva AzərTAc-ın müxbiri ilə söhbətində qeyd etmişdir ki, Azərbaycanda xalçanın dəzgahdan kəsilməsi ənənəsi qədim tarixə malikdir. Mahiyyət etibarilə əsl bayram olan bu proses müəyyən mərasimlərlə müşayiət olunur: qonaqlar dəvət edilir, süfrə açılır, mərasim iştirakçıları ürəklərində niyyət tutur, dua oxuyurlar.
Xalça muzeyinin və "Azərbaycan xalçaları" İctimai Birliyinin xalçaçıları bu xalçanı toxumağa dörd ay vaxt sərf etmişlər. Müəllifin Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə hədiyyə etdiyi xalçada Azərbaycanın gözəl təbiətinin - zümrüd çəmənlərin, mavi dənizin və mavi səmanın bütün rəng çalarları öz əksini tapmışdır.
Burqanovun xalçasının təqdimat mərasimi Xalça Muzeyinin yaxın vaxtlarda istifadəyə veriləcək yeni binasında keçiriləcəkdir.
Xatırladırıq ki, mayın 12-dən iyulun 22-dək Xalça Muzeyində İ.Burqanovun "Müasir xalça" sərgisi keçirilir. İ.Burqanov Bakıda tez-tez qonaq olur. Onun bənzərsiz yaradıcılığı bakılılara yaxşı tanışdır. Burada dəfələrlə ustad sənətkarın yaradıcılığına həsr edilmiş sərgilər və elmi konfranslar keçirilmişdir.
XX əsr rus avanqardının ənənələrini davam etdirən İ.Burqanov bu ənənələri yaradıcı şəkildə təkmilləşdirir. Onun əsərlərinin motivləri əsasında qobelenlər və xalçalar üçün eskizlər hazırlanmışdır. Heykəl portreti janrının tanınmış ustası olan İ.Burqanov Patriarx II Aleksiy, Moskva knyazı Dmitri Donskoy, İmperator II Nikolay, şair F.İ.Tütçev kimi məşhurların obrazlarını yaratmışdır.
Hazırda o, Moskvadakı "Burqanov Evi" Dövlət Muzeyinin direktorudur.
İqor Burqanov həm də böyük elmi iş aparır. O, sənətşünaslıq məsələlərinə dair bir sıra kitabların və dərs vəsaitlərinin müəllifi, İsveçrədə "BMT Cenevrədə" (2004-cü il), Belçikada "Burqanov evi Brüsseldə" (2004-cü il), Fransada "Ənənə" (Paris, 2007-ci il) kimi iri beynəlxalq sərgilərin iştirakçısı və təşkilatçısı olmuşdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB