“Mədəniyyət və rəqəmsallaşmanın mübadiləsi üzrə birinci platforma - Bakı konfransı” keçirilir
Bu gün Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində "Mədəniyyət və rəqəmsallaşmanın mübadiləsi üzrə birinci platforma – Bakı konfransı" öz işinə başlayıb. Avropa Şurasının II Baş Direktorluğunun mədəniyyət və demokratiya bölməsinin dəstəyi ilə təşkil olunan konfransın devizi "Rəqəmsal mədəniyyət və vətəndaşların imkanlarının artırılması üçün əlverişli mühitin yaradılması"dır. SİA-nın məlumatına görə, tədbirə Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Avropa Şurasının Demokratik İdarəçilik üzrə Direktoru Klaudia Luçiani, Mədəniyyət İrs və Ladşaft üzrə rəhbər komiytənin sədr müavini Kimmo Aulake, Avropa Mədəniyyət Konvensiyasının iştirakçı dövlətlərinin hökumət nümayəndələri, mədəni institutlarının və peşəkar birliklərinin nümayəndələri, tədqiqatçıları və vətəndaş cəmiyyətinin üzvlərindən ibarət 100-dən çox iştirakçı, media nümayəndələri və başqaları iştirak ediblər.
Mərasimi açan Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev konfransın əhəmiyyətindən danışıb: " Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi öz üzərinə götürdükdən sonra istər ölkəmizdə, istərsə də Strasburqda silsilə tədbirlər keçirilir. Bütün bunlar Avropanın Azərbaycanda gedən proseslərlə daha yaxından tanış olmasına, eləcə də bu qitənin qabaqcıl təcrübəsindən istifadə etməyə imkan yaradır. Bugünkü konfrans olduqca maraqlı mövzuya həsr olunub. XXI əsrdə rəqəmsal daşıyıcılarda mədəni proseslərin dünya ictimaiyyətinə çatdırılması çox əhəmiyyətlidir. Azərbaycanda tam və sərbəst açıq internet məkanı vardır. Hər dövlət orqanı öz işində bu sahənin inkişafına əhəmiyyət verir. Azərbaycanda "GoMap" sistemi nazirlik tərəfindən təsdiq edilib. Həmçinin ölkəmizdə ilk kitabxana, muzey və bir çox müəssisələrin internet şəbəkəsi yaradılıb. Hazırda 26 proqram üzərində iş aparmaq planlaşdırılıb. Belə bir şəraitdə bu işi kimin aparacağı, texniki avadanlıqdan istifadə məsələsi ortaya çıxır. Bu baxımdan konfransın materiallarında yer alan müəllimlərin hazırlanması proqramı olduqca vacibdir. Müvafiq sahələrdə çalışanların 60% öz təcrübələrini internetdən əvvəlki dövrdə əldə etdiklərindən müasir avadanlıqdan istifadə bəzi çətinliklər yaradır. Ona görə də daha qətiyyətlə müasir avadanlıqdan istifadə etməyə yiyələnmək vacibdir. Digər vacib məsələ isə internet istifadəçilərinin daha geniş auditoriyası olan gəncləri mədəniyyət sahəsində gedən proseslərə cəlb etməkdir. Konfransda müzakirə olunacaq mövzuların müvafiq məsələlərin həllinə öz töhfəsini verəcək".
Sonra çıxış edən Avropa Şurasının demokratik idarəçilik və mədəni müxtəliflik üzrə direktoru xanım Klaudia Luçiani konfransın formatını yüksək qiymətləndirərək bu tədbirdə qarşıda qoyulan hədəflərə nail olunacağına əminliyini ifadə edib: "İkigünlük konfransda mövzuya aid məqamlara aydınlıq gətiriləcək. Ötən il olduğu kimi, bu il də biz rəqəmsal aləmin mədəniyyət sahəsinə nə cür təsir göstərdiyini araşdıracağıq. Biz rəqəmsal mədəniyyətlə Avropada yaşayan xalqları bir araya gətirməliyik. Mədəniyyət bu sahədə əsas vasitədir".
Qeyd edək ki, sessiyalarla işini davam etdirən konfrans iyulun 5-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB