Cari ilin 3-4 iyul tarixində Rusiyanın Sankt-Peterburq şəhərində mədəniyyətlərarası və dinlərarası dialoq üzrə ASEM-in ("Asiya-Avropa" Forumu) yüksək səviyyəli Konfransı keçirilir. Konfrans Rusiya Federasiyasında Mədəniyyət ili çərçivəsində Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin (XİN) dəstəyi ilə Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi tərəfindən keçirilir.
Azərbaycanın Rusiyadakı səfirliyindən SİA-ya verilən məlumata görə, konfransın işində ASEM iştirakçı ölkələrinin müvafiq nazirlik və qurumlarının rəhbərləri, müxtəlif dinlərin, Rusiyanın Mədəniyyət və Xarici İşlər nazirliklərinin nümayəndələri, habelə mədəniyyət, incəsənət və elm xadimləri iştirak edirlər.
"Sivilizasiyalar arasında həmrəylik davamlı inkişafın zəruri şərti kimi" konfransının keçirilməsi dünyanın mədəni müxtəlifliyinin müsbət potensialının açılması və parçalanmanın aradan qaldırılmasının effektiv üsullarının axtarılmasına yönəlmiş beynəlxalq səylərin mühüm tərkib hissəsidir. ASEM dünyadakı əsas dinləri təmsil edən ölkələrin qeyri-rəsmi ünsiyyəti üçün açıq olan beynəlxalq forum olaraq, bu cür dialoq üçün ən uyğun meydanlardan biridir.
Konfransın əsas məqsədləri sırasına dinlərarası və sivilizasiyalararası partnyor və bərabər hüquqlu dialoqun formalaşması, Avropa və Asiya cəmiyyətləri arasında qarşılıqlı anlaşmanın qurulması, müxtəlif mədəni və dini ənənələrin qarşılıqlı konstruktiv fəaliyyətinin təmin olunması üçün ümumi platformanın yaradılması, həmçinin müasir cəmiyyətdə dinlərarası və mədəniyyətlərarası münasibətlərin düzəldilməsinin daha effektiv metodlarının və prioritet məsələlərinin ümumi anlaşılmasının təmin edilməsi üzrə ASEM üzv ölkələrin səylərinin birləşdirilməsinə yardım məsələləri daxildir.
Tədbirin əvvəlində Rusiya Federasiyasının Mədəniyyət nazirinin müavini Alla Manilova Rusiya Federasiyasının Mədəniyyət naziri Vladimir Medinskinin təbrik məktubunu oxumuşdur. Daha sonra Rusiya Federasiyasının Xarici işlər nazirinin müavini İqor Marqulov, Rusiya Federasiyasının Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, həmçinin xristian, islam və yəhudi konfessiyalarının təmsilçiləri çıxış ediblər.
MDB-yə üzv dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) sədri, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu öz çıxışında DHƏF-in yaranma tarixi və fəaliyyəti haqda tədbir iştirakçılarına məlumat verərək, Fondun siyasətlə məşğul olmadığını vurğulamış və qarşılıqlı anlaşmanın, tolerantlığın artırılması, mədəni əlaqələrin inkişafına xidmət edən humanitar layihələrin önə çəkdiyini vurğulayıb.
Polad Bülbüloğlu Azərbaycanda müxtəlif dinlərin birgə sülh şəraitində mövcud olduğu, dövlət tərəfindən dini icmalara verilən dəstək haqda söhbət açıb, Prezident İlham Əliyevin göstərişi ilə dövlət vəsaiti hesabına pravoslav mədəni mərkəzin və sinaqoqun inşa edilərək təmənnasız olaraq dini icmaların istifadəsinə verildiyini qeyd edib.
Səfir Polad Bülbüloğlu bu gün dünyanın "burulğan" zonasında olduğunu və orta əsrlərdə olduğu kimi münaqişələrdə qan axıdıldığını qeyd edərək, ASEM üzv ölkələrini dövlətlərarası münaqişələrin ədalətli həllinin müdafiəsi üçün beynəlxalq təşkilatlarda öz səslərini daha fəal ucaltmağa çağırıb.
ASEM özündə 51 ölkə, o cümlədən 30 Avropa (Aİ-yə üzv 28 ölkə, Norveç, İsveçrə və Avropa Komissiyası) və 21 Asiya (ASEAN-a üzv 10 dövlət, Avstraliya, Banqladeş, Hindistan, Çin, Monqolustan, Yeni Zelandiya, Pakistan, Koreya Respublikası, Rusiya, Yaponiya və ASEAN Katibliyi) ölkələrini birləşdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB