“Misis və Mister Cəsəd” tamaşasının premyerası keçirilib

“Misis və Mister Cəsəd” tamaşasının premyerası keçirilib

Azərbaycan Dövlət "Yuğ" Teatrında Qabriel Qarsia Markesin əsərləri əsasında hazırlanan "Misis və mister cəsəd" tamaşasının premyerası keçirilib. SİA-nın məlumatına görə, tamaşa dünya şöhrətli yazıçının "Dünyanın ən gözəl ölüsü" hekayəsi və "Gözlənilən bir qətlin tarixçəsi" povestinin motivləri əsasında rejissor Ər-Toğrulun quruluşunda təqdim olunub.

Əlli beş dəqiqəlik tamaşanın quruluşçu rəssamı Umay Həsənovadır. Tamaşanın musiqi tərtibatı Mələk Vəlizadəyə, rejissor assistenti Yaqut Paşazadəyə məxsusdur.

Əməkdar artist Yaqut Paşazadənin, aktyorlardan Amid Qasımovun, Rasim Cəfərin, Könül Cəfərzadənin və başqalarının da iştirak etdikləri tamaşa o biri dünyada keçirilən "Yeraltı gözəllik yarışması" ndan bəhs edir.

Yarışmanın şərtlərinə görə, iştirakçılar dirildilib, bu dünyaya göndərilir. Sağ olarkən etdikləri əməlləri təkrarlayaraq, öz əməllərinə özləri qiymət verirlər. Məlum olur ki, hər biri özünü, az qala, müqəddəs hesab edən iştirakçıların heç biri dirilməyə layiq deyil.

Qeyd edək ki, tamaşa böyük maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə