Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə azərbaycanlı xanəndə, Azərbaycan muğamlarının gənc ifaçısı, Aytən Məhərrəmovanın Özbəkistanda "Ana yurdum" adlı diski hazırlanıb. SİA-nın məlumatına görə, Azərbaycan musiqisinin təbliği məqsədi ilə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanda "Azərbaycan muğamları", "Azərbaycan xalq mahnıları", "Oxuyur Zeynəb Xanlarova", "Müslüm Maqomayev" adlı diskləri hazırlanıb.
Qeyd edək ki, xanəndə Aytən Məhərrəmova və onun "Aypara" Muğam Üçlüyü Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə cari il 18 mart tarixində Daşkəndin "Türküstan" Respublika Sarayında Novruz bayramına həsr olunub Azərbaycan-Özbəkistan dostluq konserti verib və sözügedən konsert Özbəkistan ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.
Aytən Məhərrəmovanın "Ana yurdum" adlı diskində xanəndənin 20-dən çox mahnısı yer alıb.
Diskdə xanəndə A.Məhərrəmova və onun rəhbəri olduğu "Aypara" Muğam üçlüyü haqqında məlumat verilir.
Özbəkistan Bəstəkarlar İttifaqının sədri, Dövlət mükafatı laureatı Rüstəm Abdullayevin, Azərbaycan və Özbəkistanın xalq artisti, Dövlət mükafatı laureatı Firudin Səfərovun gənc xanəndə haqqında fikirləri diskdə öz əksini tapıb.
Bu ilin 4 iyul tarixində Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətində diskin təqdimatı olacaq. Təqdimat mərasimində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini, Dostluq Cəmiyyətinin rəhbərliyi və üzvləri, Özbəkistan Dövlət Konservatoriyası, ali məktəblərin incəsənət-musiqi fakultəsinin müəllim və tələbələri, muğam sənəti ilə məşğul olan mütəxəssislər və jurnalistlər iştirak edəcəklər.
Qeyd edək ki, diskin Bakı şəhərində də təqdimat mərasiminin keçirilməsi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB