Azərbaycan filminin dünya premyerası

Azərbaycan filminin dünya premyerası

Çex Respublikasının Karlovı Varı şəhərində "Axınla aşağı" filminin dünya premyerası keçiriləcək. SİA-nın məlumatına görə, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında istehsalı yenicə başa çatmış "Axınla aşağı" bədii filmi iyulun 5-dən 12-dək Karlovı Varı Beynəlxalq film festivalına dəvət alıb.

Bu ekran əsəri festivalın "East of the West" müsabiqə proqramına salınıb. Proqrama, ümumilikdə 12 film daxil edilib.

Filmin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxiya, quruluşçu rejissor Asif Rüstəmov, operator Ayxan Salar, bəstəkar Xəyyam Mirzəzadə, icraçı prodüseri Nadir Əliyev, baş prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andjevska və Teymur Məmmədov canlandırıblar.

"Axınla aşağı" psixoloji ailə dramıdır. Əsas hadisələr Mingəçevir Olimpiya İdman Mərkəzində cərəyan edir. İdman məşqçisinin ailəsində baş vermiş faciə nəticəsində filmin qəhrəmanı onu əhatə edən insanlara, ümumiyyətlə, həyata yeni nəzərlə baxmağa başlayır.

Qeyd edək ki, Karlovı Varı Beynəlxalq film festivalı 1956-ci ildən fəaliyyət göstərir və FİAPF tərəfindən akkreditə olunmuş "A" səviyyəli 12 festivaldan biridir. Festivalın əsas mükafatı - "Büllur Kürə" ən yaxşı bədii filmə verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə