Musiqili Teatrın  kollektivi  Elçin Həmidovun  məzarını  ziyarət  edib FOTOLAR

Musiqili Teatrın kollektivi Elçin Həmidovun məzarını ziyarət edib FOTOLAR

Üç il əvvəl  dünyasını  dəyişmiş  mərhum  aktyor,  əməkdar  artist  Elçin  Həmidovun sənət  yoldaşları  onu  ölümündən  sonra  da unutmayıblar.  SİA-nın məlumatına görə, Azərbaycan  Dövlət  Musiqili  Teatrının  bir  qrup  əməkdaşı aktyorun  doğum  günündə  məzarını  ziyarət  edərək,  gül  dəstələri  qoyublar. 

Teatrın  truppa müdiri Vidadi Həsənov,  tamaşalarda  Elçin Həmidovun yerinin  hələ  də göründüyünü  dilə  gətirib: "Qrim otağının qarşısından keçəndə belə, elə onun varlığını, sanki, səhnəyə hazırlığını hiss edirəm. Konkret bir aktyorun uğurlu oyunu ilə möhürü vurulmuş rollar, obrazlar var ki, bunların təkrarı ancaq yamsılama forması alır. Bu baxımdan Elçin Həmidovu əvəzedilməz sənətkarlar sırasına daxil etmək olar".

Əməkdar artist Nahidə Orucovanı mərhumla 35 illik dostluq və yaradıcılıq telləri bağlayır: "Mən gənc yaşda qardaşımı, Elçin də gənc yaşda bacısını itirib. Həyatımızdakı bu boşluğu ancaq bir-birimizə həqiqi mənada bacı-qardaş olmaqla doldurmuşduq. Ən çətin anlarında yanında olmuşam, qayğısını çəkmişəm. İkinci dəfə də qardaşsız qaldım və onun yerini kimsə doldura bilməz. İldə iki dəfə ölüm və oğum günlərində onu ziyarət edirəm".

Rejissor assistenti Elməddin Dadaşov da Elçin Həmidov haqda düşüncələrini belə ifadə edib: "Çox istərdim ki, Elçin sağ olaydı, ad günü arzularını özünə deyim, amma... Elçin, onu tanıyan hər kəs üçün əzizdir. O, bir həyat tarixçəsi idi. Deyirlər səbəbkarsız ad günü etmək olmaz. Lakin buna rəğmən onu sevənlər bu gün onun soyuq məzarı ətrafına toplanıb. Həyatda necə bizi sevindirməyi bacarırdısa, biz də Elçini xatırlamaqla onun ruhunu sevindirmiş oluruq. Ruhun şad olsun, dostum!".

Nəzərinizə çatdıraq ki, tanınmış aktyor Elçin Həmidov 1983-cü ildən Azərbaycan Dövlət Musiqili Teatrında çalışıb. İstedadı və bacarığı sayəsində qısa zaman ərzində klassik və müasir Azərbaycan bəstəkarlarının əsərlərində maraqlı obrazlar yaradıb. Nikolay Qoqolun "Evlənmə" komediyasında Yaiçnitsa, aktyorun yaratdığı son obrazı, 23 fevral tarixində bu tamaşa ilk və teatrda son premyerasi olub.

Qeyd edək ki, Elçin Həmidov 2011-ci il martın 4-də ürək tutmasından dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə