Vaqif Əliyev Andrea Markuççini qəbul edib

Vaqif Əliyev Andrea Markuççini qəbul edib

Bu gün Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev ATƏT-in Parlament Assambleyasının 23-cü illik sessiyasında iştirak etmək məqsədilə ölkəmizə səfər etmiş İtaliya Senatının təhsil və mədəni irs komissiyasının prezidenti Andrea Markuççinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib Görüşdə İtaliya Respublikasının ölkəmizdə akkreditə edilmiş fövqəladə və səlahiyyətli səfiri Giampaolo Cutillo da iştirak edib. SİA-nın məlumatına görə, qonaqları ölkəmizdə salamlayan V.Əliyev, ölkələrimiz arasında iqtisadi və siyasi əlaqələrlə yanaşı mədəniyyət sahəsində də əlaqələrin yüksək səviyyədə olmasını ifadə edib. Bildirilib ki, 2012-2013-cü illərdə Heydər Əliyev Fondunun və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə İtaliya Respublikasının müxtəlif şəhərlərində Azərbaycan incəsənət xadimlərinin iştirakı ilə konsertlər, müxtəlif tədbirlər keçirilib, Roma şəhərində yerləşən Villa Borqezze parkında Nizami Gəncəvinin abidəsi qoyulmuş, 2013-cü ildə Heydər Əliyev Fondu Romanın Kapitolini Muzeyinin "Filosoflar zalı"nın bərpasına dəstək göstərib. Bundan əlavə ölkələrimiz arasında mütəmadi birbaşa uçuşların sayının artırılması qarşılıqlı turist ziyarətlərinin sayını artırmış, turizmin inkişaf perspektivlərinin genişləndirilməsi məqsədilə ötən il 18 noyabr tarixində Roma şəhərində İtaliya-Azərbaycan Birinci Turizm Forumu keçirilib. Ölkələrimiz arasında mədəni irsin və tarix və mədəniyyət abidələrinin mühafizəsi və idarə edilməsi sahəsində də təcrübə mübadiləsinin həcmi artmış, Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın Azərbaycan Milli Komitəsinin yaradılmasında İtaliyanın müvafiq təşkilatı dəstək göstərmişdir. Mədəniyyət və turizm nazirinin birinci müavini V.Əliyev Azərbaycanın cari ilin 30-31 oktyabr, 01-02 noyabr tarixlərində İtaliyanın Paestum şəhərində keçiriləcək "Arxeoloji Turizm üzrə Aralıq Dənizi Yarmarkası"nda "fəxri qonaq ölkə" qismində iştirakından məmnunluğu bildirərək, bunun ölkəmizin zəngin irsinin tanıdılması baxımdan faydasını qeyd edib.

Öz növbəsində ölkəmizə səfərindən razı qaldığını bildirən A.Markuççi ATƏT-in Parlament Assambleyasının 23-cü illik sessiyasının ölkəmizdə keçirilməsinin böyük hadisə olduğunu və tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. Qonaq xalqlarımız arasında mədəniyyət və turizm sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün münbit şəraitin olduğunu, bunun diplomatiyanın ən güclü aləti olduğunu ifadə edib. A.Markuççi İtaliya Respublikasının irs, mədəni fəaliyyət və turizm naziri cənab Dario Françeskinin salamlarını Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevə çatdırmağı xahiş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə