Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu 2014-cü il üçün nəzərdə tutulan fəaliyyət planını təqdim edib. SİA-nın məlumatına görə, 2014-cü il satış və marketinq üzrə fəaliyyət planı Azərbaycan Konqreslər Bürosu və tərəfdaşlarının Azərbaycanın biznes turizm məkanı kimi təbliği çərçivəsində həyata keçirəcəyi tədbirləri və qarşıya qoyulan hədəfləri müəyyənləşdirir.
Fəaliyyət planı ilk növbədə Büronun hədəf bazarlarını müəyyən edir ki, bunların da başında Rusiya Federasiyası durur. Fəaliyyət planında nəzərdə tutulan tədbirlər sırasında isə əvvəlcə B2B MİCE (biznes turizm) tədbiri gəlir. Payız aylarında Moskvada keçirilməsi nəzərdə tutulan bu tədbir Azərbaycan Konqreslər Bürosu və tərəfdaşlarının maliyyə dəstəyi sayəsində baş tutacaq.
Azərbaycan Konqreslər Bürosu və tərəfdaşlarının maliyyə dəstəyi ilə keçiriləcək daha bir tədbir isə tanışlıq səfərləridir. Belə səfərlərdən birincisi artıq 5-8 iyun tarixlərində Rusiyanın MİCE bazarı iştirakçıları üçün təşkil edilmişdir. Daha bir tanışlıq səfərinin isə payız aylarında keçirilməsi nəzərdə tutulur və ölkəmizin turizm potensialının inkişafında əhəmiyyətli rol oynayan Qəbələ rayonunu da əhatə etməsi gözlənilir.
Qeyd edək ki, Büro noyabr ayında bir sıra nüfuzlu tədbirlərdə iştirak etməyi planlaşdırır. Bunlardan biri 9-13 noyabr tarixlərində Berlində keçiriləcək M&I Rusiya və Şərqi Avropa Forumu olacaq. Büro noyabr ayında, həmçinin Barselonada rusiyalı alıcılara yönəlmiş işgüzar tədbirdə iştirak edəcək. Tədbir EIBTM - biznes turizmi sahəsində konfrans, seminar və görüşlərin təşkili üzrə ixtisaslaşmış aparıcı forum çərçivəsində keçiriləcək.
Fəaliyyət planında ikinci hədəf bazarı kimi Türkiyə müəyyən edilib. Azərbaycan Konqreslər Bürosu bu istiqamətdə də bir sıra tədbirlər hazırlayıb ki, bunlardan biri tanışlıq səfərinin təşkilidir. Tanışlıq səfəri payız aylarında Bakıda təşkil ediləcək. Payız aylarında Büro üzvləri, həmçinin İstanbulda səfərdə olacaqlar. Eyni zamanda, Büro 1-5 iyul tarixlərində İstanbulda təşkil ediləcək M&I Avropa forumunda iştirak edəcək.
Azərbaycan Konqreslər Bürosunun cari ildə iştirak edəcəyi digər tədbirlər sırasında 2-5 iyul tarixlərində Amsterdamda keçiriləcək "İCCA Research, Sales and Marketing" Proqramı (İCCA Araşdırma, Satış və Marketinq Proqramı) və 1-5 noyabr tarixlərində Antalyada keçiriləcək İCCA-nın 53-cü konqresi də var.
Büronun gördüyü işlər sırasında ölkəmizin nailiyyətlərinin və biznes turizm potensialının beynəlxalq aləmdə təbliği ilə bağlı Rusiya və Almaniyada həyata keçirdiyi reklam kampaniyaları və rüblük elektron MİCE bülleteninin hazırlanması da nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB