II Bakı Beynəlxalq turizm filmləri festivalının qalibləri mükafatlandırılıblar FOTOLAR
Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş II Bakı Beynəlxalq turizm filmləri festivalının qaliblərinin mükafatlandırılması mərasimi olub. SİA-nın verdiyi xəbərə görə, əvvəlcə festival günlərində proqrama uyğun keçirilmiş tədbirlər, ustad dərsləri, film nümayişləri və qonaqlar üçün təşkil edilmiş şəhər turunu əks etdirən video çarx təqdim olunub.
Sonra festival haqqında məlumat verilib. Bildirilib ki, artıq ənənəvi olaraq keçirilən festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr edilən, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir. Festival, eyni zamanda, diqqəti tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına cəlb etməyi də qarşısına məqsəd qoyub.
Builki festivalın proqramının əvvəlkinə nisbətən genişləndiyi diqqətə çatdırılaraq bildirilib ki, festivala, ümumilikdə, 55 ölkədən 405 film göndərilib. Festivalın müsabiqə proqramına 31 ölkədən 68 film daxil edilib. Filmlər 6 kateqoriyada yarışmışlar. Müsabiqə proqramına Azərbaycanın 7 filmi də daxil edilib.
Vurğulanıb ki, festivalın keçirildiyi dörd gün ərzində proqrama daxil edilmiş filmlər Nizami Kino Mərkəzində, axşam seansları isə Dənizkənarı Milli Parkda nümayiş olunub.
Filmləri kinematoqrafçılardan, səyahət və turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti qiymətləndirib. Beynəlxalq münsiflər heyəti hər kateqoriyada 3 filmi qalib kimi müəyyən edib.
Sonra qaliblərin adları açıqlanıb.
"Ölkə, region, şəhər" kateqoriyasında yunanıstanlı rejissor Teo Papadoulakis "Krit: bütün dünya bir adada" filminə, "Mədəniyyət, ənənə" kateqoriyasında türkiyəli rejissorlar Şerif Yenen və Levent Ayaşlı "Yaşmaqsız İstanbul" ekran əsərinə, "Reklam filmləri" kateqoriyasında xorvatiyalı rejissor İvan Peric "Adriatikin qəlbi" filminə, "Turizm xidmətləri" kateqoriyasında türkiyəli rejissor Levent Ayaşlı "İstanbul: ünsiyyət üçün ən yaxşı yer" filminə, "Ekoloji turizm və xarici turizm" kateqoriyasında Böyük Britaniyadan olan rejissor Geoff Tompkinson "Göl" filminə, "TV filmləri" kateqoriyasında isə avstriyalı rejissorlar Piter Bardehle və Sebastian Lindemann "Zirvələrin simfoniyası/Alp dağları yuxarıdan" filminə görə birinci yerlərə layiq görülüblər.
Qaliblərə qızıl mükafat və 2000 avro pul verilmişdir. Hər bir kateqoriyada ikinci və üçüncü yerlərin sahiblərinə isə müvafiq olaraq gümüş və bürünc mükafatlar verilib.
Avstraliyalı rejissor Cefri Darlinq "Barossa. Sənin ixtiyarında" filminə görə festivalın ən yüksək mükafatına "Qran-pri"yə layiq görülmüş və ona diplom və 4000 avro təqdim edilib.
Azərbaycanlı rejissor Mariya İbrahimovanın "Azərbaycan: Şərqin Avropa cazibəsi" filmi "Milli mükafat"a, italiyalı rejissorlar Ciulio Pedretti və Roberto Karini "Thilafuşi Qon Dhudoh - Maldivlərdə sonuncu tullantı yeri" filmi isə münsiflərin heyətinin xüsusi mükafatına layiq görülüb.
Qeyd edək ki, tədbir boyu incəsənət ustalarının ifasında milli musiqilər və rəqslər, həmçinin bəstəkar mahnıları təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB