Xəbər verdiyimiz kimi, 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin, rayon mədəniyyət və turizm şöbələrinin və Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Kino Xidməti İdarəsinin təşkilati dəstəyi ilə "Milli Qəhrəmanlar" sənədli filmlər həftəsi keçirilir.
Xəbər verilir ki, iyunun 27-də Kino Xidməti İdarəsi tərəfindən Daxili Qoşunların Nərimanov rayonundakı "N" saylı hərbi hissəsində Milli Qəhrəman Qorxmaz Eyvazova həsr edilmiş tədbir və onun haqqında rejissor Yalçın Verdiyevin çəkdiyi "Adına yaraşan oğul" sənədli filminin təqdimatı keçirilmişdir.
Tədbirdə Milli qəhrəmanlar - Qorxmaz Eyvazovun, Gültəkin Əsgərovanın, Rasim İbrahimovun və Məzahir Rüstəmovun ailə üzvləri, dostları, Milli Məclisin deputatları və KİV nümayəndələri iştirak etmişlər.
Kino Xidməti İdarəsinin rəis müavini Cəmil Xəlilov tədbiri açaraq Milli Qəhrəmanın həyatından və keçdiyi döyüş yolundan danışmışdır. Bildirilmişdir ki, 1967-ci ildə Laçın rayonunda dünyaya göz açan Qorxmaz Eyvazov 1984-cü ildə onuncu sinfi bitirərək Laçın rayonundakı 127 nömrəli texniki-peşə məktəbinə daxil olmuşdur. O, 1985-ci ildə ordu sıralarına çağırılmış, xidmət etdiyi müddətdə dəfələrlə komandanlığın fəxri fərmanları ilə təltif olunmuşdur. Q.Eyvazov 1987-ci ildə əsgəri xidmətini başa vurmuşdur. 1988-ci ildə Laçında yaradılan partizan dəstəsinə qoşulan Qorxmaz 1992-ci ilin martında Laçın Rayon Polis İdarəsinə işə qəbul edilmişdir. Qorxmazın döyüş yolu doğma yurdundan - Qazdərəsi, Suarası və Mazutlu kəndlərindən başlamışdı. Qızartı dağı uğrunda gedən döyüşlərdə onun xüsusi fəallığı nəticəsində düşmənin bir tankı ələ keçirilmişdi. 1992-ci il avqustun 4-də erməni quldurları Qızartı dağını ələ keçirmək üçün qəfil hücuma keçirlər. Cəsur döyüşçü bu döyüşdə qolundan güllə yarası alır. Sağalan kimi, qısa müddətdən sonra yenidən döyüşə atılan Qorxmaz Eyvazov Horadiz əməliyyatı zamanı göstərdiyi igidliyə görə bölük komandiri təyin edilir. 1994-cü il fevralın 10-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi uğrunda gedən döyüşdə Qorxmaz Eyvazov düşmənin xeyli canlı qüvvəsini məhv edir. Lakin bu döyüşdə özü də həlak olaraq şəhidlik zirvəsinə ucalır. Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 15 yanvar tarixli Fərmanı ilə Qorxmaz Abış oğlu Eyvazova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Sonra Milli Qəhrəmanın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Milli Qəhrəmanın qardaşı oğlu İntiqam Eyvazov əmisinin xatirəsinə göstərilən yüksək ehtirama görə minnətdarlığını bildirmişdir.
Milli Məclisin deputatları Qənirə Paşayeva, Aydın Mirzəzadə və Asim Mollazadə çıxışlarında ölkəmizdə şəhid ailələrinə, veteranlara, əlillərə, o cümlədən Milli qəhrəmanlara, onların ailə üzvlərinə göstərilən dövlət qayğısından danışmışlar. Deputatlar əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş uzaqgörən siyasətin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsi nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrildiyini, bölgənin ən qüdrətli ordusu olan Silahlı Qüvvələrimizin isə Ali Baş Komandanın döyüş əmrinə hər an hazır olduğunu vurğulamışlar.
Digər çıxış edənlər də Milli Qəhrəman Qorxmaz Eyvazovun keçdiyi həyat yolundan, Vətənin müdafiəsində göstərdiyi şücaətlərdən bəhs etmişlər.
Sonra sənədli film təqdim edilmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB