II İkinci Bakı Beynəlxalq turizm filmləri festivalı açılıb

II İkinci Bakı Beynəlxalq turizm filmləri festivalı açılıb

Nizami Kino Mərkəzində II Bakı Beynəlxalq turizm filmləri festivalının açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev festivalın əhəmiyyətindən, ölkəmizdə turizm sahəsində qazanılan uğurlardan söz açıb.

Bildirilib ki, ötən festivaldan uzun müddət keçməsə də, ikinci Bakı Beynəlxalq turizm filmləri festivalının iştirakçılarının, eləcə də nümayiş olunacaq filmlərin sayı əvvəlki ilə müqayisədə iki dəfə artıb. Bu isə həm ölkələrin, həm də yaradıcı insanların festivalı dəstəkləmələrini, onların öz maraqlı və dəyərli əsərlərini tədbirin münsiflər heyətinin diqqətinə çatdırmaq arzusunu bir daha təsdiqləyir.

Azərbaycanda turizmin yüksək sürətlə inkişafından danışan nazir müvafiq sahənin bilavasitə dövlətimizin başçısının diqqətində olduğunu vurğulayıb.

Bildirib ki, kino vasitəsilə insanların ürəyinə tapılan yol estetik baxımından daha dərin və mənalı anlayışların formalaşdırılmasına, daha maraqlı təqdimatların keçirilməsinə şərait yaradır.

Tədbirin təşkilatçılarına təşəkkürünü bildirən nazir münsiflər heyətinə müvafiq işdə səmərəli, ədalətli, ümumi işimizə xidmət edəcək qərarların çıxarılmasını arzulayıb.

Festivalın ilk günündə "Ölkə, region, şəhər" kateqoriyasından filmlər nümayiş olunub.

Festivala, ümumilikdə, 55 ölkədən 405 film göndərilib, onun müsabiqə proqramına 31 ölkədən 68 film daxil edilib. Filmlər 6 kateqoriyada yarışacaqlar.

Müsabiqə proqramına Azərbaycanın 7 filmi də daxil edilib.

Filmlərə Nizami Kino Mərkəzində, eləcə də axşam seanslarında Dənizkənarı Milli Parkda baxmaq mümkün olacaq.

Filmləri kinematoqrafçılardan, səyahət və turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti qiymətləndirəcək. Beynəlxalq münsiflər heyəti hər kateqoriyada 3 filmi müəyyən edərək mükafatlandıracaq. Birinci, ikinci, üçüncü yerləri tutan ekran əsərləri müvafiq olaraq qızıl, gümüş və bürünc medallara, eyni zamanda, diplom və pul mükafatlarına layiq görüləcəkdir. Festivalın ən yaxşı filminə isə "Qran-pri", diplom və pul mükafatı veriləcək.

Festival günlərində ustad dərsləri, eyni zamanda, nəzəri və əyani dərslər təşkil ediləcək, sonda gənc rejissorlar Bakı haqqında sənədli film çəkəcəklər.

Qeyd edək ki, iyunun 28-də festivalın bağlanış mərasiminin keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə