II Bakı Beynəlxalq turizm filmləri festivalı başlayır

II Bakı Beynəlxalq turizm filmləri festivalı başlayır

Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə II Bakı Beynəlxalq turizm filmləri festivalı başlayıb. SİA-nın məlumatına görə, bu münasibətlə mətbuat konfransı keçirilib.

Konfransda Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov, festivalın icraçı direktoru Fariz Əhmədov, münsiflər heyətinin sədri Ayaz Salayev, münsiflər heyətinin üzvləri Vüqar Şıxəmmədov, Aleksandr Kammel (Avstriya), Spomenka Saraqa (Xorvatiya), Can Özbatur (Türkiyə) festival haqqında məlumat veriblər.

Bildirilib ki, festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir. Festival, eyni zamanda, diqqəti tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına cəlb etməyi də qarşısına məqsəd qoyub.

Festivalın artıq ənənə halını alması vurğulanaraq qeyd edilib ki, bu tədbir müxtəlif ölkələrdən gəlmiş rejissorların qarşılıqlı fikir mübadiləsi aparmaları və bir-birlərinin təcrübələrindən yararlanmaları baxımından əhəmiyyətlidir.

Bu ilki festivalın coğrafiyasının və proqramının əvvəlkinə nisbətən genişləndiyi diqqətə çatdırılaraq bildirilib ki, festivala, ümumilikdə, 55 ölkədən 405 film göndərilib. Festivalın müsabiqə proqramına 31 ölkədən 68 film daxil edilib. Filmlər 6 kateqoriyada yarışacaqlar.

Müsabiqə proqramına Azərbaycanın 7 filmi də daxil edilib.

Bildirilib ki, festivalın proqramına daxil edilmiş filmlər 4 gün ərzində saat 14:00-dan 20:00-dək Nizami Kino Mərkəzində nümayiş olunacaq və bu məkana giriş sərbəstdir. Eyni zamanda, filmlər Dənizkənarı Milli Parkda da təqdim ediləcək.

Filmləri kinematoqrafçılardan, səyahət və turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti qiymətləndirəcək. Beynəlxalq münsiflər heyəti hər kateqoriyada 3 filmi müəyyən edərək mükafatlandıracaq. Birinci, ikinci, üçüncü yerləri tutan ekran əsərləri müvafiq olaraq qızıl, gümüş və bürünc medallara, eyni zamanda, diplom və pul mükafatlarına layiq görüləcək. Festivalın ən yaxşı filminə isə "Qran-pri", diplom və pul mükafatı veriləcək.

Festivala 28 ölkədən 50 qonaq dəvət edilib. Həmçinin qonaqlar üçün şəhər turu da təşkil olunacaq.

Bağlanış mərasimi iyunun 28-də keçiriləcək festival çərçivəsində "Dünya sübhdən günbatanadək" layihəsi çərçivəsində "Bakı sübhdən günbatanadək" layihəsinin təqdimatı olacaq.

Festival günlərində Polşa kinematoqrafçılarının ustad dərsləri, eyni zamanda, nəzəri və əyani dərslər təşkil ediləcək, sonda gənc rejissorlar Bakı haqqında sənədli film çəkəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə