Milli azlıqların IV Respublika festivalı qala-konsertlə başa çatıb

Milli azlıqların IV Respublika festivalı qala-konsertlə başa çatıb

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilmiş milli azlıqların IV Respublika festivalı Dövlət Musiqili Teatrında qala-konsertlə başa çatıb. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açıb. O, bildirib ki, ölkəmizdə yaşayan bütün milli azlıqlar Azərbaycan xalqının tərkib hissələridir. Tolerantlıq və qarşılıqlı hörmət Azərbaycan dövlətinin milli siyasətinin fərqləndirici xüsusiyyətləridir.

Xalqımızın ümummilli lideri Heydər Əliyev dəfələrlə qeyd edib ki, çoxmillətlilik bizim sərvətimiz, millətlərin bir-birini qarşılıqlı zənginləşdirməsi Azərbaycan xalqının tərəqqi və güc mənbəyidir. Ümummilli liderin bu fəaliyyət xəttini Prezident İlham Əliyev uğurla davam etdirir.

Festival iyunun 23-dən 25-dək "Doğma yurdum Azərbaycan" devizi altında keçib. İyunun 23-24-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında festivalın seçim turları keçirilib, Azərbaycanın ukrayna, tatar, kürd, yəhudi icmalarının, habelə axıska türklərinin, respublikanın müxtəlif rayonlarının özfəaliyyət kollektivləri çıxış ediblər.

Qala-konserti Qəbələ rayonunun Nic kəndindən udi folklor kollektivi açıb. Sonra "Tuqan tel" tatar ansamblı, Balakən rəqs ansamblı, Lənkəran, Astara və digər rayonların ansamblları çıxış ediblər.

Festivalın rejissoru xalq artisti Cənnət Səlimovadır.

Festival çərçivəsində "Azərbaycanda yaşayan milli azlıqların mahnıları" adlı albom buraxılması nəzərdə tutulur. Azərbaycan, ingilis, rus, fransız və alman dillərində buraxılacaq albomun tirajı 1000 nüsxə olacaq.

Festival çərçivəsində Muzey Mərkəzində milli azlıqların həyatını əks etdirən "Bir ailədə" adlı fotosərgi, habelə "Etnik mədəniyyətlərin müxtəlifliyi və multimədəni ənənələr" mövzusunda "dəyirmi masa" keçirilib.

Qala-konsertdə çoxmillətli və çoxkonfessiyalı Azərbaycanı təmsil edən 20 kollektiv çıxış edib.

Respublikamızda yaşayan azsaylı xalqların birinci incəsənət festivalı 2006-cı ildə keçirilib. 2006, 2008 və 2011-ci illərdə keçirilmiş festivallar respublikanın ictimai və mədəni həyatında mühüm hadisə olub.

Qeyd edək ki, festivallar çərçivəsində müxtəlif tədbirlər, elmi konfranslar, sərgilər təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə