“Adadan başlayan yol”

Xəbər verdiyimiz kimi, 26 İyun –Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin, rayon mədəniyyət və turizm şöbələrinin və Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Kino Xidməti İdarəsinin birgə təşkilati dəstəyi ilə "Milli Qəhrəmanlar" sənədli filmlər həftəsi keçirilir. SİA-nnı məlumatına görə, həftə çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı Rasim İbrahimova həsr edilmiş "Adadan başlayan yol" filminin təqdimatı olub.

Mərasimdə kino xidməti idarəsi rəisinin müavini Cəmil Xəlilov Rasim İbrahimovun keçdiyi döyüş yolundan söz açıb.

Bildirib ki, belə tədbirlərin məqsədi Azərbaycan Ordusunda xidmət etmiş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan mərd oğul və qızlarımızın vətənpərvərliyini, nəsillərə örnək ola biləcək həyat yolunu təbliğ etməkdir. Rasim İbrahimov da Vətən uğrunda canından keçmiş belə qəhrəmanlarımızdandır. 1962-ci ildə Pirallahı rayonunun Çilov adasında neftçi ailəsində dünyaya göz açan Rasim İbrahimov 31 nömrəli orta məktəbin (hazırda onun adını daşıyır) VIII sinfini bitirdikdən sonra C.Naxçıvanski adına Hərbi Liseyə daxil olub. Almaniyada hərbi xidmət keçdikdən sonra Vətənə dönən Rasim İbrahimov Füzuli rayonunun cəsur oğulları ilə birlikdə könüllü özünümüdafiə taboru yaratmış və rayonun sərhədlərini mərdliklə qoruyub.

1992-ci il iyunun 28-də Tuğ kəndi uğrunda döyüşə girən Rasim İbrahimovun taboru onlarla erməni quldurunu məhv edib. Qeyri-bərabər döyüşdə mühasirəyə düşən döyüşçülərimizi cəsur komandir mühasirədən qurtarsa da, özü çıxa bilməyib. O,

"Azərbaycan zabiti heç vaxt düşmənə tabe olmayacaq!" – deyərək özünü qumbara ilə partladaraq qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 16 sentyabr tarixli Fərmanı ilə Rasim İbrahimov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Milli Qəhrəmanın xatirə günü ərəfəsində keçirilən tədbirdə onun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən Milli Qəhrəmanın atası Səxavət İbrahimov tədbirin təşkilində əməyi olan hər kəsə dərin təşəkkürünü bildirib.

Ombudsman Aparatının mətbuat xidmətinin rəhbəri Zemfira Məhərrəmli, Rasim İbrahimovun döyüş yoldaşları, filmin rejissoru Yalçın Verdiyev və başqalarının çıxışlarında Rasim İbrahimovun şərəfli ömür yolunun gənc nəslə örnək olduğu, belə sənədli filmlərin, eləcə də tədbirlərin gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığı vurğulayıb.

Qeyd edək ki, sonda "Adadan başlayan yol" sənədli film nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə