Özbəkistanda Beynəlxalq Muğam Mərkəzi haqqında məqalə yayımlanıb

Özbəkistanda Beynəlxalq Muğam Mərkəzi haqqında məqalə yayımlanıb

Özbəkistanın "sharh.uz" informasiya agentliyinin saytında Azərbaycan Beynəlxalq Muğam Mərkəzi haqqında məqalə (http://sharh.uz/adabiyot-va-sanat/item/1535-mugom-markaz-boku ) yayımlanıb. SİA-nın məlumatına görə, məqalədə Bakıdakı Beynəlxalq Muğam Mərkəzinin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə yaradıldığı, mərkəzin əsas məqsədinin zəngin Azərbaycan musiqisinin həm Azərbaycanda, həm də bütün dünyada təbliği olduğu bildirilib.

Müəllif məqalədə 2005-ci ildə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın görkəmli muğam ustaları ilə birlikdə dəyirmi masa keçirdiyini və Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzinin yaradılmasının qərara alındığını qeyd edir.

Məqalədə 2005-ci ildə Prezident İlham Əliyevin Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında sərəncam imzalaması, 2005-ci il avqustun 24-də Azərbaycan Prezidenti

İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın, YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın iştirakı ilə Dənizkənarı Milli Parkda Mərkəzin binasının təməl qoyma mərasiminin keçirildiyi, 2008-ci il dekabrın 27-də isə Prezident İlham Əliyev, xanımı Mehriban Əliyevanın Beynəlxalq Muğam Mərkəzinin binasının açılışında iştirak etməsi faktı öz əksini tapıb.

Məqalədə deyilir ki, Mərkəzdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə bir neçə dəfə Özbək nümayəndəliyi də iştirak edib. Qeyd edək ki, məqalənin müəllifi tanınmış jurnalist Şərafəddin Tulaqanov bu yazını Azərbaycanın Özbəkistandakı Səfirliyi və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin elan etdiyi Özbəkistan mətbuatında 2014-cü ildə Azərbaycan haqqında "İlin ən yaxşı məqaləsi" müsabiqəsinə təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə