IV Respublika Milli Azlıqlar Festivalının seçmə turu başlanıb

IV Respublika Milli Azlıqlar Festivalının seçmə turu başlanıb

İyunun 23-dən 25-dək Bakıda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilmiş "Doğma yurdum Azərbaycan" devizi altında IV Respublika Milli Azlıqlar Festivalı keçirilir. SİA-nın məlumatına görə, festivalın seçmə turu iyunun 23-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında başlanıb. Turun ilk günündə Azərbaycanın ukraynalı, tatar, kürd və yəhudi icmalarının, habelə axıska türklərinin və Qusar rayonunun özfəaliyyət kollektivlərinin çıxışları olub.

Festivalın rejissoru xalq artisti Cənnət Səlimovadır. Festival çərçivəsində "Azərbaycanda yaşayan milli azlıqların mahnıları" adlı disk buraxılması nəzərdə tutulur. Azərbaycan, ingilis, rus, fransız və alman dillərində buraxılacaq diskin tirajı 1000 nüsxə olacaq.

Seçmə tur iyunun 24-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının səhnəsində Azərbaycan rayonlarının bədii kollektivlərinin çıxışları ilə davam edəcək.

Festival çərçivəsində iyunun 25-də Muzey Mərkəzində milli azlıqların həyatından bəhs edən "Bir ailədə" adlı fotosərgi və "Etnik mədəniyyətlərin müxtəlifliyi və multimədəni ənənələr" mövzusunda "dəyirmi masa"təşkil ediləcək.

Festivalın qala-konserti iyunun 25-də Azərbaycan Dövlət Musiqili Teatrında keçiriləcək. Teatrın rejissoru Gülnara Hacıyevanın sözlərinə görə, qala-konsertdə 20 kollektivin çıxışı nəzərdə tutulur.

Nəzərinizə çatdıraq ki, Azərbaycanda yaşayan milli azlıqların birinci festivalı 2006-cı ildə Bakıda keçirilib. 2006, 2008 və 2011-ci illərdə keçirilmiş festivallar respublikanın ictimai və mədəni həyatında mühüm hadisə olub.

Qeyd edək ki, festivallar çərçivəsində müxtəlif tədbirlər, elmi konfranslar, sərgilər təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə