“Qadın oyunları” tamaşasının mətbuat konfransı keçirilib

“Qadın oyunları” tamaşasının mətbuat konfransı keçirilib

Bakı Bələdiyyə Teatrı XXIII mövsümündə Xalq Artisti Amaliya Pənahovanın ifasında məşhur polşalı teatr və kino xadimi, rejissor Kşiştof Zanussinin "Qadın oyunları" tamaşasının premyerasını keçirəcək. SİA-nın məlumatına görə, bu münasibətlə bu gün mətbuat konfransı keçirilib.

Konfransda xalq artisti Amaliya Pənahova, tamaşanın quruluşçu rejissoru Kşiştof Zanussi, tamaşanın prodüserləri Aqil M.Quliyev və Tomaş Leşinski iştirak ediblər.

Konfransda xalq artisti Amaliya Pənahova çıxış edərək bu tamaşanın onun yaradıcılığının 50 illiyinə həsr olunduğunu bildirib: "Tamaşa Kşiştof Zanussi və Edvard Jebrovskinin pyesi əsasında hazırlanıb. Bu tamaşa mənim səhnə fəaliyyətinin 50 illiyinə həsr olunub. Diqqətinizə çatdırım ki, ilk dəfə mən 1964-cü ildə "Sən həmişə mənimləsən" tamaşası ilə səhnə fəaliyyətimə başlamışam. Bu 50 ilin necə keçdiyini heç özüm də hiss etməmişəm. Növbəti uğurlu işimizi sizlərə təqdim etməyə hazırlaşırıq. Kşiştof Zanussi ilə bu beynəlxalq teatr layihəsi barədə il yarım bundan qabaq danışıqlar aparırdıq. Vaxt çatışmazlığından heç cür bu proyektimizi reallaşdıra bilmirdik. Sevinirəm ki, nəhayət bu işimiz alındı. Tamaşada mənimlə bərabər əməkdar artist Səmayə Sadıqova, həmçinin istedadlı aktyorlar Tural Ağayev və Zülfiyyə Məmmədova oynayırlar".

Kşiştof Zanussi isə bir çox ölkələrdə məşhur aktrisaların ifasında səhnəyə qoşulmuş tamaşanın məşqlərinin Polşada aparıldığını qeyd edib: "İki hissəli dram məşhur ABŞ və Almaniya aktrisası və müğənnisi Marlen Ditrixin həyatından götürülüb. Bu tamaşa həmçinin Beynəlxalq Teatr Festivalına təqdim etmək nəzərdə tutulub".

Qeyd edək ki, "Qadın oyunları" tamaşasının premyerası bu gün, saat 19:00-da Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə