Xəbər verdiyimiz kimi, 26 İyun –Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin, rayon mədəniyyət və turizm şöbələrinin və Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Kino Xidməti İdarəsinin təşkilati dəstəyi ilə "Milli Qəhrəmanlar" sənədli filmlər həftəsi keçirilir. SİA-nın məlumatına görə, bu gün şəhər icra hakimiyyəti aparatının kino xidməti idarəsi tərəfindən Nizami Kino Mərkəzində Milli Qəhrəman Gültəkin Əsgərovanın xatirəsini anma günü keçirilib və onun haqqında çəkilmiş sənədli filmin təqdimatı olub.
Tədbir bəstəkar Sevda İbrahimovanın bəstələdiyi və vokalçı, musiqişünas Ramil Qasımovun ifa etdiyi "Gültəkin" poeması ilə başlayıb.
Mərasimdə kino xidməti idarəsi rəisinin müavini Cəmil Xəlilov Gültəkin Əsgərovanın keçdiyi döyüş yolundan söz açıb. Bildirib ki, Gültəkin Əsgərova hərbi həkim kimi onlarla insanın həyatını xilas edib, 1992-ci il iyunun 20-də Aranzəmin-Naxçıvanik istiqamətində gedən ağır döyüşlərdə öz xidməti borcunu yerinə yetirərkən qəhrəmancasına həlak olub və şəhidlik zirvəsinə ucalıb. Diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 20 noyabr tarixli Fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Mərasimdə Gültəkin Əsgərovanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Gültəkin Əsgərovanın anası, "Şəhid Anaları" Cəmiyyətinin sədri, pedaqogika üzrə fəlsəfə doktoru Rəfiqə Əsgərovanın "Gültəkin zirvəsi" adlı kitabının təqdimatı da keçirilib.
Milli Qəhrəmanın anası tədbir iştirakçılarına dərin tminnətdarlığını bildirib.
Mərasimdə Milli Məclisin deputatı Qənirə Paşayeva Milli Qəhrəmanın şərəfli ömür yolunun gənc nəslə örnək olduğunu, belə sənədli filmlərin, eləcə də tədbirlərin gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını vurğulayıb.
Qeyd edək ki, sonda "Gültəkin" sənədli filmi nümayiş etdirilib.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB