İyunun 19-da AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda bu elmi-tədqiqat müəssisəsinin bir illik fəaliyyəti ilə əlaqədar tədbir keçirilmişdir. AMEA-dan bildirmişlər ki, tədbirdə akademiyanın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli elmi-tədqiqat müəssisəsində bir il ərzində görülən işlər barədə ətraflı məlumat vermişdir. Azərbaycanda müasir dövrün tələblərindən irəli gələn islahatlar çərçivəsində akademiyada da 2013-cü ilin ortalarından bəri köklü dəyişikliklərin baş verdiyini qeyd edən institut rəhbəri, bu gün AMEA-nın prezidenti, akademik Akif Əlizadənin bilavasitə təşkilatçılığı ilə həyata keçirilən islahatların artıq böyük səmərə verdiyini xüsusi vurğulamışdır.
Akademik İsa Həbibbəyli AMEA rəyasət heyəti strukturunun təkmilləşdirilməsi, yeni elmi-tədqiqat institutlarının, elmi təşkilatların yaradılmasını, bəzi elmi qurumların adlarının dəyişdirilərək müasir tələblərə uyğunlaşdırılmasını, yeni şəraitlə səsləşən şöbə və laboratoriyaların fəaliyyətə başlamasını, struktur islahatları zamanı istedadlı mütəxəssislərə, xüsusən də gənclərə diqqət göstərilməsini akademiyanın yeni rəhbərliyi tərəfindən prioritet fəaliyyət istiqamətləri kimi müəyyənləşdirildiyini diqqətə çatdırmışdır.
İslahatlar və yeniləşmə dövrü kimi səciyyələndirilən son bir ildə Ədəbiyyat İnstitutunda da mühüm irəliləyişlərə nail olunduğu vurğulanmışdır. Qeyd edilmişdir ki, bir neçə yeni şöbə və yardımçı təsisatlar qurulmuş, bir-birindən fərqli tamamilə yeni istiqamətli elmi nəşrlər meydana gəlmiş, institutda nəşr olunan elmi məcmuənin sonuncu nömrəsi bütünlüklə gənc elmi işçilərin məqalələrini əhatə etmişdir. Bu da akademiya tarixində ilk hadisə kimi əhəmiyyətlidir. Həmçinin institutun 80 illik yubileyi təntənə ilə qeyd edilərək 100-dən çox ədəbiyyatşünas alim və digər mütəxəssislər müxtəlif səviyyələrdə mükafatlandırılmışlar.
Bildirilmişdir ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamları əsasında beynəlxalq səviyyəli tədbirlər, kütləvi surətdə bir sıra elmi sessiya və konfranslar, eləcə də Azərbaycan ədəbiyyatşünaslığı tarixində böyük ədəbi hadisəyə çevrilmiş "Ədəbi proses-2013: yekunlar və vəzifələr" mövzusunda yaradıcılıq müşavirəsi keçirilmişdir.
Elmi-tədqiqat müəssisəsinin beynəlxalq əlaqələrinə uğurla başlanılmışdır. Nəticədə Türkiyə, Rusiya, Qazaxıstan, Almaniyanın elmi qurumları ilə qarşılıqlı əməkdaşlıq haqqında sazişlər imzalanmışdır.
AMEA rəyasət heyəti tərəfindən bu günlərdə verilmiş qərar əsasında institutun yeni strukturunun təsdiq olunmasını xatırladan akademik İsa Həbibbəyli yeni yaradılmış mətbuat tarixi və informasiya şöbəsinin təqdimatını da etmişdir.
İnstitut rəhbəri şöbənin müasir dövrdəki elmi-tədqiqat fəaliyyətinin çoxcəhətli istiqamətləri barədə məlumat verdikdən sonra istedadlı alim və publisist Şərəf Süleymanovanı (Cəlilli) şöbə müdirliyinə təqdim etmişdir.
Akademik İsa Həbibbəyli ilkin olaraq "Molla Nəsrəddin" jurnalının cildlərini və institutda son bir ildə nəşr edilmiş elmi nəşr nümunələrini şöbəyə bağışlamış, "Əkinçi"dən başlanan ənənələrin elmi-tədqiqat çərçivəsində araşdırılması işində şöbəyə uğurlar arzulamışdır.
Filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli çıxış edərək institut rəhbərliyinin etimadını doğruldacağına, yeni yaradılan şöbənin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulmasına səy göstərəcəyinə söz vermişdir.
Tədbirdə filologiya elmləri doktorları – institutun elmi katibi Bədirxan Əhmədov, həmkarlar təşkilatının sədri Asif Rüstəmli və ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri Tahirə Məmməd institutun bir illik fəaliyyətini təhlil etmişlər.
Sonda tədbir iştirakçıları Ədəbiyyat İnstitutunun yeni yaradılan konfrans zalına baxmışlar. Qeyd edilmişdir ki, burada son texnologiyadan istifadə olunaraq eyni zamanda altı ölkənin alimləri ilə birgə virtual tədbirlər keçirilməsi üçün yüksək şərait yaradılacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB