Azərbaycan Yazıçılar Birliyinin XII qurultayı öz işinə başlayıb

Azərbaycan Yazıçılar Birliyinin XII qurultayı öz işinə başlayıb

Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) XII qurultayı öz işinə başlayıb. SİA-nın məlumatına görə, qurultayda Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, baş nazirin müavini Elçin Əfəndiyev, məşhur qazax yazıçısı Oljas Süleymenov, dövlət müşaviri, yazıçı Kamal Abdulla, xalq şairləri Vaqif Səmədoğlu, Zəlimxan Yaqub, Fikrət Qoca, Sabir Rüstəmxanlı və başqaları iştirak edirlər.

Qurultayı AYB sədri, xalq yazıçısı Anar Rzayev açaraq qurultay nümayəndəsi seçilən 439 nəfərdən 364 nəfəri qeydiyyatdan keçərək qurultayda iştirak etdiyini diqqətə çatdırıb. Qurultayın gedişində dünyasını dəyişən yazıçıların adları çəkilərək, onların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Azərbaycan yazıçılarının XII qurultayı və AYB-in yaradılmasının 80 illik yubileyi münasibətilə TÜKSOY tərəfindən təltif edilmiş bir sıra tanınmış qələm adamlarına mükafatlar təqdim olunub.

Sonra gündəlik elan edilib, qurultayın rəhbər orqanları seçilmiş, reqlament müəyyənləşdirilib.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyətə və incəsənətə, elm adamlarına göstərilən diqqət və qayğıdan söz açıb: "Ötən on ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bütün sahələrdə olduğu kimi, şair və yazıçıların, eləcə də gənc qələm sahiblərinin yaradıcılığı üçün də hərtərəfli şərait yaradılmış və onların əməyi yüksək qiymətləndirilir. Bu gün yeni ədəbi prosesə diqqətin artması sayəsində Azərbaycan ədəbi mühiti yüksək templə inkişaf edir.

Qurultayın işinə uğurlar arzulayır, qəbul olunacaq yeni qərarlar ədəbiyyatımızın daha da möhkəmlənməsinə öz töhfəsini verəcəyinə əminik".

Tədbirdə Qazaxıstandan gəlmiş dünya şöhrətli yazıçı Oljas Süleymenov, Türkiyədən Ataol Bəhrəmoğlu, Rusiyadan Yevgeni Sidorov, Gürcüstandan Quram Odişariya, Ukraynadan İvan Draç və digər qonaqlar təbrik çıxışlarında dünya ədəbi prosesində baş verən yeniliklərdən söz açmış, Azərbaycanda yaradıcı insanlara dövlət qayğısını yüksək qiymətləndirmiş və qurultayın işinə uğurlar arzulayıblar.

Daha sonra xalq şairi Vaqif Səmədoğlu söz alaraq Yazıçılar Birliyi ilə bağlı xatirələrini bölüşüb: "Bura mənə çox doğmadır. Yazıçılar Birliyinin ayaqda qalmasında çox zəhmətimiz olub. Düşünürəm ki, evimiz hesab olunan Yazıçılar Birliyi bu gün də qorunur. Çünki burada Səməd Vurğun kimi dahilər fəaliyyət göstərib".

Həmçinin Sabir Rüstəmxanlı və Çingiz Abdullayev də çıxışında onları ən çox narahat edən məsələlərdən biri hesab olunan kitabxanaların Bakıdan kənarda yerləşən şəhərlərdə olmamasından gileyləniblər.

Çıxışların ardınca Yazıçılar Birliyinin Mərkəzi nəzarət-təftiş komitəsinin hesabatı dinlənildi, komitənin sədri Qəzənfər Paşayev onların vəzifəsinin birliyin gəlirlərinə və xərclərinə nəzarət etməkdən ibarət olduğunu bildirib: "Biz bura gələndə 14 min manat üzvlük haqqı ödənilməyib. Çalışdıq ki, bu boşluğu dolduraq. Ayrı-ayrı şəxslərdən köməkliklər olundu. "Bayatı" kitab mağazasından müəyyən gəlir götürmək mümkün oldu. Amma ədəbi nəşrlərdən, bildiyiniz kimi, qazanc götürmək mümkün deyil".

Diqqətinizə çatdıraq ki, Qurultayda Komitə üzvlərinin 9 nəfərdən 7 nəfərə endirilməsi təklif olundu. Bununla bağlı nizamnaməyə dəyişiklik edildi.

Qurultay işini təbrik nitqləri ilə davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə