Azərbaycan Dövlət Musiqili Teatrında Milli Qurtuluş Günü münasibətilə yaradıcı kollektivin yığıncağı keçirilib. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, mərasimi açan teatrın direktoru, Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev 1993-cü il 15 iyun tarixinə söykənən Milli Qurtuluş Gününü şərəfli tarix kimi dəyərləndirib.
Vurğulanıb ki, bu əlamətdar tarix istər o dövr, istərsə də ölkənin gələcək ictimai-siyasi həyatı üçün əhəmiyyətlidir. Teatrın direktoru ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını, siyasi fəaliyyətini, Azərbaycan xalqının beynəlxalq aləmdə tanınması istiqamətində misilsiz xidmətlərini, həyata keçirdiyi quruculuq işlərini və bilavasitə milli mədəniyyətimizin inkişafında göstərdiyi qayğını diqqətə çatdırıb.
Tədbirdə teatrın ədəbi hissə müdiri, Əməkdar Mədəniyyət İşçisi, şair-publisist Telli Pənahqızının Milli Qurtuluş Günü ilə əlaqədar məruzəsi dinlənilib.
Bildirilib ki, bu bayram onu dəyərləndirən, qədir-qiymətini dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən, "dünən" deyib, tarixin bir küncünə qoyulan o çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələrini öz gözləri ilə görən insanlar üçün 15 iyun əsl xilas günü, məmləkətimizin ölüm-dirim mübarizəsinin qələbə ilə möhürlənmiş yaşam kimliyidir.
Xalq artistlərindən Afaq Bəşirqızı, İlham Namiq Kamal, gənc aktrisa Gültac Əlili ölkəni məhv olmaq, parçalanmaq təhlükəsindən xilas edən Ulu Öndərin Azərbaycan mədəniyyətinə, xüsusilə də teatr xadimlərinə diqqət və qayğısından danışıblar.
Bildirilib ki, Ümummilli Liderin siyasi, iqtisadi və mədəni kursu hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Milli Məclisin deputatı Jalə Əliyeva Azərbaycan dövlətçiliyinin qorunmasında, inkişafında və dünyaya inteqrasiyasında əvəzsiz rolu olan ulu öndər Heydər Əliyevin danılmaz zəhmətinin bəhrəsi kimi qiymətləndirilən Milli Qurtuluş Gününün dəyərini, xalqın tarixində mühüm rol oynadığını qeyd edib. Həmçinin diqqətə çatdırılıb ki, Azərbaycan xalqı Ümummilli Liderimizin xoşbəxt gələcəyimiz üçün açdığı yolla qətiyyətlə addımlayır və dövlətimizin başçısı İlham Əliyevin ətrafında sıx birləşərək ölkənin tərəqqisi naminə onun gördüyü işləri dəstəkləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB